AZ

Hərbi ekspert: “Azərbaycan Ordusunu böyük Zəfərə aparan daim qələbə uğrunda fədakar əməyi olub”

“Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti torpaqlarımızı işğaldan azad etmək və işğalçı qüvvələri darmadağın etmək üçün daim motivasiya olunurdular. Hər bir hərbçi ən böyük şərəfi məhz Azərbaycan torpaqlarını işğaldan azad etməkdə görürdü. Ümumiyyətlə, “Aprel döyüşləri”ndən sonra bu qələbənin anonsunu verən Ali Baş Komandan, cənab İlham Əliyev ordunun fəaliyyətini yüksək qiymətləndirərək demişdi: Azərbaycan Ordusu qısa bir zamanda işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. İkinci Qarabağ savaşına qədər biz cənab Prezidentin həmin sözlərini Azərbaycan Ordusu tərəfindən real həyata keçirildiyini gördük. Qısa zamanda - 44 gün ərzində Azərbaycan Ordusu 30 illik düşmənin müdafiəsini qırıb, işğalçı qüvvələri darmadağın edib, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə qadir oldu. Cənab Prezident demişdi ki, o torpaqları heç vaxt görməmiş gənclərlərimiz canından keçərək və misilsiz qəhrəmanlıqlar göstərərək Azərbaycan ərazilərini azad etdilər”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında ehtoyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

O, qələbəyə gedən yolda vətənpərvərlik hissinin rolundan danışıb: “Düşünürəm ki, bunun üçün bir gündə vətənpərvərlik hissi yaranmır. Vətənpərvərlik hissi Azərbaycan cəmiyyətinin, xalqının bu işğalla barışmazlıqla yanaşmasından irəli gəlir. Çünki birinci Qarabağ savaşında torpaqlarımız erməni faşistləri tərəfindən işğal olunanda Azərbaycanda demək olar ki, elə bir ailə yox idi ki, bu müharibə ondan yan keçsin. Kiminsə qohumu, ailə üzvü ya şəhid olmuş, ya da sağlamlığını itirmişdir və Azərbaycanın 80 faiz torpağını qorumağa nail olmuşdur. Həmin birinci Qarabağ savaşında döyüşən əsgərlərin övladları bu Vətən müharibəsinə qatılmış, Azərbaycanın torpaqlarını azad etmişdilər. Yəni, ataların işini övladlar həyata keçirdi. Lakin bu övladları böyütmək üçün Azərbaycanda böyük işlər görülmüşdür. Daim vətənpərvərlik ruhunda formalaşmaq üçün, tərbiyə üçün Azərbaycanda demək olar ki, hətta məktəbəqədər olan müəssisələr, daha sonra böyük hissəsi orta məktəbdə keçirilən çoxsaylı tədbirlər vətənpərvərlik ruhunda bizim gənclərimizin tərbiyəsinə ayrılan diqqət, əlbəttə, öz tövsiyəsini vermişdir”.

Hərbi ekspert xatırladıb ki, 30 il ərzində düşmən həm yaşayış məntəqələrimizi darmadağın etmişdi, həm də çox güclü müdafiə sistemi quraraq bu istiqamətdə böyük işlər aparmış və Azərbaycan ərazisini mina sahələri ilə çirkləndirmişdi.

Ş.Ramaldanov qeyd edib ki, Azərbaycan Ordusunu böyük Zəfərə aparan daim qələbə uğrunda fədakar əməyi olub: “Bizim hərbiçilər demək olar ki, çöl təlim mərkəzlərindən çıxmırdılar. İrimiqyaslı təlimlər keçirilirdi. Təlimlərdə yeni taktiki yanaşmalar və yeni silahların tətbiqi Azərbaycan Ordusunu məqsədə və qələbəyə aparan amillərdən biridir. Bütün döyüşlərdə üstünlük əvvəlcə müdafiə edən tərəfdə olur. Çünki müdafiə edən tərəf adətən səngərlərdə, gizli yerlərdə olur. Hücum edən tərəf isə əlbəttə, məhz hücuma keçmək üçün böyük psixoloji üstünlüyə malik olmalıdır. Azərbaycan Ordusunun əsgəri demək olar ki, erməni əsgərindən hər zaman bu cəhətdən üstün olub. Hətta bizim media nümayəndələri səngərdə hələ qələbədən, müharibədən öncə əsgərlərimizə mikrofon uzadanda onlar əmr gözlədiyini deyir, gözlərini işğaldan azad olunmuş ərzilərə tutur, sonra isə valideynlərinə salamlarını çatdırırdılar. Bu da əsgərlərimizin vətənpərvərlik ruhunun və psixoloji faktorun nə qədər zəngin və yüksək olmasından xəbər verir”.

“Döyüşlər başladıqda isə əlbəttə, hər qarış torpağın azad olunması Azərbaycan Ordusunun ruh yüksəkliyini daha da artırırdı. Bu da düşmənə əks təsir göstərirdi.  Azərbaycan əsgəri bilirdi ki, haqlıdır, o, heç bir torpağı işğal etməyib. Sadəcə öz torpağını işğaldan azad edir. Erməni əsgəri isə bilirdi ki, o, işğalçıdır və onun savaşı haqsız savaşdır. Məhz buna görə də Azərbaycan və erməni əsgərlərinin psixoloji durumu fərqlidir. Bütün bunlara baxmayaraq, ordumuz irəlilədikcə, əsgərinin psixoloji durumu daha da zənginləşirdi, inamlı olurdu. Canından belə keçməyə hazır olaraq, öz torpaqlarını işğaldan azad edirdi. Hər bir irəliləyiş düşmənə əks təsir göstərərək, onun psixolojini durumunu zəiflədir, iradəsini qırırdı. Artıq Cəbrayıl uğrunda gedən döyüşlərin nəticəsində düşməndə fərarilik başladı, Füzulini işğaldan azad edəndə artıq ermənilərdə fərarilərin sayı yüzlərlə idi. Hadrutu azad edəndə və artıq Zəngilan uğrunda gedən döyüşlərdə demək olar ki, artıq tabor şəklində öz mövqelərini qoyub qaçmağa başlayırdılar”, - hərbi ekspert vurğulayıb.

Ş.Ramaldanov söyləyib ki, Azərbaycan Ordusu müasir silahlarla təchiz edilib, onun döyüş hazırlığı həmişə yüksək səviyyədə olub: “Çünki bunun üçün bütün şərait yaradılıb. Digər məsələ isə xalq-ordu-Ali Baş komandan birliyidir. Bu üç birliyin bir yumruq ətrafında sıx birləşməsi bizi qələbəyə apardı. Digər bir faktor isə Azərbaycan gəncinin vətənpərvərlik hissinin yüksək olmasıdır. Azərbaycan gənclərinin kökü sağlamdır. Onların ataları əlisilahsız düşmənə müqavimət göstərək 80 faiz torpağı müdafiə etməyə qadir olub. Düşünürəm ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbəsi hələ uzun illər öyrəniləcək və uzun müddət bu savaşla bağlı biz təhlillər aparılacaq. Vətən müharibəsindən sonra Azərbaycan Ordusu peşəkarlıq səviyyəsinin nə qədər yüksək olduğunu anti-terror tədbirlərində bir daha özünü göstərdi. Bir sutkanın içərisində böyük bir ərazidə seperatizmin kökünü kəsərək, ağır silahlarla silahlanmış bir düşməni ağ bayraq qaldırmağa məcbur etdi və bu əməliyyat nəticəsində heç bir mülki şəxs xəsarət almadı. Bu da Azərbaycan Ordusunun yüksək peşəkarlıqla qarşıya qoyulan missiyanı yerinə yetirməsindən xəbər verir”.

 

İsmayıl Bakuvi

Seçilən
12
iqtisadiyyat.az

1Mənbələr