ABŞ Prezidenti Co Bayden vəzifəsini təhvil verməzdən öncə üç silahlı cinayət və vergidən yayınmada günahlandırılan oğlunu əhv etməyəcək.
Axar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Baydenin oğlu Hanter Baydeni əhv etmək kimi planı yoxdur”, - o əlavə edib.
Qeyd edək ki, ABŞ qanunlarına görə hazırkı prezident vəzifəsini təhvil verməzdən öncə əhv çıxarma hüququna sahibdir. Co Baydenin ikinci oğlu, 54 yaşlı Hanter Baydenin silah saxlaması ilə bağlı istintaqa isə 2018-ci ildə başlanılıb, o zaman onun narkotik vasitələrdən istifadə etdiyi və eyni zamanda revolverə sahib olduğu məlum olub. Amerika qanunları narkotikdən istifadə edən və ya saxlayan insanlara silah almağı və ya saxlamağı qadağan edir. O, həmçinin 2016-2019-cu illər arasında azı 1,4 milyon dollar gəlir vergisi ödəmədiyi üçün barəsində irəli sürülən vergidən yayınma ittihamların doğru olduğunu etiraf edib. H.Baydenə dekabrda hökm oxunacağı gözlənilir.