"ABŞ-də prezidentlə yanaşı, Senat da, Nümayəndələr Palatasında konqresmenlərin mövqeləri dəyişir. ABŞ-də Respublikaçıların hökuməti ilə Azərbaycanın münasibətləri hər zaman qarşılıqlı, praqmatik maraqlar əsasında formalaşıb".
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.
Deputat bildirib ki, Demokratların mövqeyi isə daim ermənipərəst olub:
"Azərbaycana qarşı münasibət sərgiləyənlər Konqresdəki ermənipərəst Demokratlar idilər. Dəyişiklikdən sonra ermənipərəst qüvvələrin Konqresdə Azərbaycana qarşı addımlar atmaq imkanları məhdudlaşacaq. Həmçinin, Dövlət Departamentinin də Azərbaycana münasibəti, təzyiq göstərmə cəhdləri, İrəvan-Bakı arasında sülh prosesinə müdaxilə təşəbbüsləri də aradan qalxacaq. Müdaxilə olmadan Azərbaycan və Ermənistan arasında sülh müzakirələri daha səmərəli gedir. İndiyədək əldə olunan nailiyyətlər məhz ikitərəfli müzakirə və razılaşmaların nəticəsidir. O baxımdan ABŞ-də Respublikaçı Administrasiyanın olması Azərbaycan üçün daha məqsədəuyğundur”.
Müsahibimiz qeyd edib ki, düzdür, Donald Trampın seçki təbliğatı dövründə ermənipərəst açıqlamalar verməsi xatırlanır, onun erməni katalikosu ilə telefon danışığı yad edilir:
“Amma düşünmürəm ki, fəaliyyət dövründə Tramp yenidən bu məsələlərə qayıtsın".
Rasim Musabəyov: Trampın erməni lobbisindən, diasporundan heç bir asılılığı yoxdur
Deputatın sözlərinə görə, əvvəlki Administrasiyadan fərqli olaraq Trampın erməni lobbisindən, diasporundan heç bir asılılığı yoxdur:
"Konqresdəki erməni qrupun rəhbərlərindən biri Adam Şift Trampa qarşı iyrənc təbliğat aparırdı. Tramp onu palçıq edib yerə vurdu. Erməni qrupu artıq çox məyusdur ki, onların sözü Konqresdə keçməyəcək. Məncə, Tramp Administrasiyası dövründə bu məsələlər bizi narahat etməyəcək".
Aydın Baxış