AZ

Azərbaycan qüdrəti qarşısında təslimçiliyin rəsmi təsdiqi – Millət vəkili

10 noyabr Azərbaycan tarixinin ən önəmli, şərəfli günlərindən biridir. Bu gün Azərbaycan Ordusunun, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi qələbəsinin rəsmiləşdiyi, yeni geosiyasi reallıqların yarandığı, dünya erməniliyinə, onların havadarlarına sağalmaz yaraların vurulduğu gündür.

8 noyabr 2020-ci ildə Qarabağın tacı, Azərbaycanın döyünən urəyi Şuşamızın işğaldan azad edilməsindən sonra işğalçı Ermənistan məğlubiyyətini dərk etdi, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın isə kapitulyasiyasının təqdimatı oldu. Bu sənədin imzalanmasını şərtləndirən amillər 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü, xalqımızın birliyidir.

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə imzalanan sənəd Azərbaycan dövlətinin, xalqının, gücünü bir daha ortaya qoydu. Bununla da Ermənistan ordusu, erməni lobbisinin beynəlxalq gücü haqqında yaranmış mif tamamilə darmadağın edildi.

Üçtərəfli bəyanat Ermənistan tərəfindən kapitulyasiya aktını imzalamaq kimi qiymətləndirilməlidir. Çünki həmin vaxt və ondan sonrakı müddətdə istər hərb meydanında, istər siyasi aləmdə, informasiya cəbhəsində diktə edən tərəf məhz Azərbaycan oldu. Ən vacib məsələlərdən biri odur ki, həmin gün mürəkkəb coğrafi şəraitə malik üç böyük rayon əlavə şəhidlər vermədən azad edildi, Erməni silahlı qüvvələri Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarıldı.

Müharibə dövründə və üçtərəfli bəyanatı imzalamaqla həm də Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı muxtar vilayətin olmadığı, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu, Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri halda Azərbaycan dövləti tərəfindən onların təhlükəsizliklərinə zəmanət veriləcəyi, eyni zamanda Şərqi Zəngəzurun Azərbaycanın qədim torpağı olduğu bir daha təsdiq edildi.

Eyni zamanda 30 il ərzində münaqişənin tənzimlənməsi ilə məşğul olan, reallıqda isə imitasiya xarakterli çoxsaylı turist səfərlərindən başqa, ciddi bir nəticə ilə yadda qalmayan ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri oyundan kənar qaldıqlarını hiss etdilər.

Müharibənin belə sonluqla bitməsi həmin ölkələrdə dərin kök salmış erməni lobbi təşkilatlarını bu gün də narahat edir və məkrli planlarından əl çəkmirlər. Amma artıq bütün planlar iflasa məhkumdur! Çünki bu planlara qarşı qüdrətli Azərbaycan var! Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə misli görünməmiş layihələr icra olunur.

Ölkə Başçısının regiona etdiyi çoxsaylı səfərlərin hər biri yeni-yeni innovativ ideyaların, infrastruktur layihələrinin icrası ilə müşayiət olunur. Az bir vaxta görülmüş işlərin miqyası dostlarımızı sevindirir, düşmənlərimizi isə məyus edir. Azərbaycanın yeni tarixi artıq bu prinsip üzərində qurulub.

Tənzilə Rüstəmxanlı,

Milli Məclisin deputatı

 

Seçilən
17
interpress.az

1Mənbələr