AZ

Zəfər iqtisadiyyatı: Şanlı qələbənin yaratdığı iqtisadi REALLIQLAR

Azərbaycan Respublikası öz torpaqlarını azad edikdən sonra ölkəmizin inkişafında yeni mərhələ başlandı. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görüldü. 

 

Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

 

Ərazilərin bərpasına ilk günlərdən başlanıldı...

 

İşğaldan azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərinə Vətən müharibəsi başa çatdıqdan dərhal sonra başlanıldı. 2020-ci ilin son 2 ayında bu ərazilərdə həyata keçirlən tikinti-quraşdırma işlərinə 114 milyon manat yönəldildi. 2021-ci ildə bu rəqəm 2 milyard 51 milyon manata çatdırıldı. 2023-cü ildə işğaldan azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərinə 5,98 milyard manat vəsait sərf edilib. 

 

Dövlət Ststistika Komitəsinin məlumatına görə, bu ilin ilk yarısında işğaldan azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait 2 milyard manatı ötüb və ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,3 faiz çoxdur. Cari ilin ilk yarısında işğaldan azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə yenidənqurma işlərinə sərf olunan vəsaitin 37,46 faizini təşkil edib. 2024-cü ilin sonunda işğaldan azad olunmuş ərazilərin yenidənqurmasına sərf edilən vəsaitin 2023-cü illə müqayisədə daha yüksək olacağı gözlənilir.

 

Ümumilkdə, Vətən müharibəsindən sonrakı dövrdə ölkə üzrə tikinti-quraşdırma işlərinə ümumilikdə 48,2 milyard manat vəsait sərf edilib və bunun 29,3 faizi və ya 14,1 milyard manatı işğaldan azad olunmuş ərazilərin payına düşüb. 

 

İşğaldan azad olunan ərazilər arasında ən çox vəsait Füzuli və Laçın rayonlarına ayrılıb. Füzuli rayonuna ayrılmış vəsait 2 milyard 161 milyon manat təşkil edib. Bu, Füzuli şəhərində yaradılan yaşayış kompleksi və Füzuli Beynəlxalq Hava Limanının tikinti-quraşdırma işləri ilə bağlı olub.

 

Təxminən bu qədər vəsait Laçın rayonuna ayrılıb. Laçın rayonunda yaşayış məntəqələri tikilib və əhalinin işlə təmin olunması üçün “Aqro və Sənaye Parkı” inşa edilib. Həmçinin Laçında Beynəlxalq Hava Limanının tikintisi davam edir və 2025-cü ildə təhvil verilməsi planlaşdırılır.

 

Yaşayış üçün lazımi infrastruktur 

 

Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində “Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili” prioriteti üzrə 28 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. 

 

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda təqribən 30 min insan məskunlaşıb. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işləri ilə bağlı müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bundan başqa, işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən məktəblərdə və Xankəndi şəhərindəki Qarabağ Universitetində minlərlə insan çalışır və ya təhsil alır.

 

Ərazilərin yüksəkgərginlikli elektrik enerjisi ilə təchizatı üçün 72.2 km 110 kv-luq, 262 km 330 kv-luq uzunluqda elektrik verilişi xətləri çəkilib. Ərazilərdə telekommunikasiya və poçt xidmətləri infrastrukturunun qurulması məqsədilə 2 yaşayış məntəqəsində, inzibati binada poçt xidmətləri yenidən təşkil edilib. 1 ədəd radio-televiziya yayımı stansiyasının fəaliyyəti təmin edilib. Mobil telekommunikasiya xidmətlərinin təşkili üzrə 11 yeni baza stansiyası quraşdırılıb. 5 km uzunluğunda dəmir yolu xəttinin çəkilişi başa çatdırılıb.

 

Respublika və yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Ağdam şəhərinin daxili yollarının, Xudafərin-Qubadlı-Laçın, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Toğanalı-Kəlbəcər-İstisu və Şuşa-Laçın avtomobil yollarının tikintisi davam etdirilib. 

 

Əhalinin bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanını genişləndirmək məqsədilə regionda fəaliyyət göstərən bank filiallarının sayı 2-ə çatdırılıb (Laçın şəhəri və Zəngilan rayonunda olmaqla). Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə azad edilmiş ərazilərdə banklar və Azərpoçt tərəfindən quraşdırılmış POS-terminalların sayı 611 ədəd təşkil edib.

 

Biznes üçün əlverişli imkanlar 

 

İşğaldan azad edilmiş ərazilərin böyük iqtisadi, o cümlədən, sənaye, aqrar və turizm potensialı var. Sahibkarların bu potensialdan geniş və səmərəli istifadə etməsi onların bölgədə uğurlu biznesini təmin edəcək, Qarabağın dirçəlişinə böyük töhfə verəcək. 

 

2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 142 sənaye müəssisəsi fəaliyyət göstərib. Müəssisələrin 117-si Qarabağ iqtisadi rayonunun, 25-i isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb. 

 

Hesabat dövründə işğaldan azad edilmiş ərazilərdə sənaye fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış fərdi sahibkarların sayı 1218-ə çatıb. Qarabağ iqtisadi rayonunda fərdi sahibkarların sayı artaraq 1070-ə, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 25,4 faiz artaraq 148-ə çatıb.

Sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin yaradılması istiqamətində regionlarda fəaliyyət göstərən sənaye parklarında 11 müəssisə rezident, 1 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Emal sənayesi və xidmət infrastrukturunun inkişaf etdirilməsi istiqamətində ümumilikdə, 170 layihə üzrə rezidentlərin fəaliyyəti təmin edilib. 3 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə güzəştli kredit verilib. Azad edilmiş ərazilərdə fəaliyyət göstərən 12 kənd təsərrüfatı məhsullarının istehsalçısına dövlət büdcəsinin vəsaiti hesabına əkin subsidiyası ödənilib.

 

Ötən il işğaldan azad edilmiş ərazilərdə istehsal olunmuş sənaye məhsulunun dəyəri 298,679 milyon manat, o cümlədən Qarabağ iqtisadi rayonunda 274,772 milyon manat, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 23,908 milyon manat olub.

 

Azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyası

 

Prezident İlham Əliyev azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına böyük diqqət yetirir. Azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri iqtisadi və sosial inkişaf üçün yeni imkanlar açıb. Regionda biznesin inkişafı üçün yaradılan şərait, dövlət-sahibkar işbirliyi müstəvisində yeni layihələr reallığa çevrilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad edilmiş Qarabağ əraziləri “Yaşıl Zona” elan edilib və bu iqtisadi rayonlar günəş, külək və su ehtiyatları ilə zəngin olduğundan təbii enerjidən burada istifadə olunmasına üstünlük veriləcək. Eyni zamanda işğaldan azad edilən torpaqlarda qabaqcıl texnologiyalara əsaslanan “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri həyata keçirilməkdədir. Bu, ətraf mühitə daha az ziyan vuracaq, inkişaf etmiş nəqliyyat infrastrukturu yaradacaq, əhalinin təhlükəsizliyini daha yaxşı təmin edəcək, kommunal xidmətlərin fasiləsiz təmin edilməsinə, müasir texnoloji yeniliklərin tətbiqinə, yerli və xarici maliyyə resursları və investisiyalar üçün geniş imkanlar yaradacaq.

 

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək 5 Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

 

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. 

 

Əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək. İqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək.

 

 Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modelləri yaradılacaq. 

 

Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək. Mədənçıxarma sahəsində təbii ehtiyatlar dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunacaq. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaq.

 

 Qarabağ bölgəsi turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan, unikal, keyfiyyətli və rəqabətli turizm xidmətləri təklif edən turizm destinasiyası olacaq.

 

Bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarət-xidmət-logistika mərkəzləri şəklində iqtisadi zonaların, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin yaradılması istiqamətində işlər görüləcək. 

 

İqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı, o cümlədən rəqabətli istehsal və emal sahələrinin fəaliyyəti müasir infrastrukturla dəstəklənəcək, prioritet sahələrdə sahibkarlara geniş çeşidli stimullar veriləcək, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə alətləri geniş tətbiq olunacaq, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılacaq. 

 

Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyası tətbiq ediləcək. Nəticədə, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq. 

Zəngəzur dəhlizinin perspektivləri

 

İşğaldan azad olunmuş ərazilıərin perspektiv inkişafında Zəngəzur dəhlizinin açılmasının xüsusi əhəmiyyəti vardır. 

 

Qitələrarası əhıəmityyəti olan Zəngəzur dəhlizi Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni alternativi təmsil edir. Bu alternativ malların Çindən Türkiyənin şərq əyalətlərinə, oradan isə Aralıq dənizi və ya İstanbul Boğazı vasitəsilə Avropaya daşınmasını nəzərdə tutur. Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiyası fonunda Avropa və Asiya qitələri arasında mühüm ticarət marşrutuna çevrilmək potensialına malikdir.

 

Zəngəzur dəhlizi Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malikdir. Dəhliz regional ticarətə müsbət təsir göstərəcək və Cənubi Qafqazda iqtisadi əməkdaşlığın qurulmasında mühüm rol oynayacaq.

 

Bu dəhlizin reallaşması yaranmış bir çox problemlərin həllinə gətirib çıxaracaq.

Seçilən
32
modern.az

1Mənbələr