AZ

Gürcüstan ABŞ üçün yenidən Corciya olacaqmı?

Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi Gürcüstanda və onun ətrafında siyasi vəziyyəti kökündən dəyişib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu qələbə Vaşinqtonun ritorikasını nəzərəçarpacaq dərəcədə yumşaldıb, Brüssel isə Tiflisə təzyiqlərini davam etdirsə də, bundan sonra nə edəcəyini düşünür.

Bildirilir ki, Gürcüstan hakimiyyəti və müxalifəti Trampı qələbə münasibətilə təbrik etmək üçün yarışır, ondan dəstək almağa ümid edir.

Gürcüstan prezidenti Salome Zurabişvili hələ səslərin hesablanması başa çatmamış Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. “Cənab prezident seçilməyiniz münasibətilə sizi təbrik edirəm”. Güclü ABŞ – 33 illik strateji tərəfdaşımız və dostumuz Gürcüstanın Avro-Atlantik inteqrasiyasını dəstəkləmək, regional təhlükəsizliyi və sabitliyi gücləndirmək, azadlığımızı və müstəqilliyimizi qorumaq üçün indi həmişəkindən daha çox lazımdır”, - Zurabişvili yazıb.

Təbriklərə “Güclü Gürcüstan”ın lideri Mamuka Xazaradze də qoşulub. O, Trampın Gürcüstana Cozef Bayden kimi dəstəyi verəcəyini vurğulayıb. Xazaradze, o cümlədən, “Gürcü arzusu” hökumətinin ABŞ-ın seçilmiş prezidentinin ən yaxın dostlarından birinin investisiyalarını Anaklia limanının tikintisi layihəsindən çıxardığını və diqqətini Çinlə əməkdaşlığa yönəltdiyini bildirib.

Gürcüstanın baş naziri İrakli Kobaxidze rəqibləri ilə ayaqlaşmaq qərarına gəlib. “Prezident Trampı seçkilərdəki qəti qələbəsi münasibətilə təbrik edirəm”, - o, Zurabişvilidən az sonra deyib. Kobaxidzenin sözlərinə görə, respublikaçıların idarəçiliyi qlobal və regional sülhə kömək edəcək, həmçinin ABŞ-Gürcüstan münasibətlərinin yenidən qurulmasını təmin edəcək.

Parlamentin sədri Şalva Papuaşvili qeyd edib ki, ABŞ prezident seçkilərinin nəticələri dünya siyasətinə sağlam düşüncəni qaytarmalı və ideyaların reallıq üzərində hökmranlığına son qoymalıdır. "Mən hesab edirəm ki, ABŞ-Gürcüstan münasibətləri qarşılıqlı hörmət, ümumi maraqlar və ən əsası, real insani dəyərlər əsasında yenidən qurulmalıdır", - Papuaşvili bildirib.

“Biz çox şadıq ki, ABŞ-da sülh və ənənəvi dəyərlər qalib gəlir”, - “Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze bildirib.

ABŞ-ın Gürcüstandakı səfiri Robin Danniqan Trampın lehinə yarışda özünəməxsus xətt çəkib. Bu yaxınlarda o, Vaşinqtonun adından Qafqaz respublikasının hakimiyyətini sanksiyalarla hədələmiş və parlament seçkilərinin nəticələrinə şübhə ilə yanaşmışdı, ancaq yanvarın 20-dən rəhbərinin kim olacağını biləndə deyib: “ABŞ və Gürcüstan arasında münasibətlər istənilən siyasi dəyişikliyə tab gətirəcək”.

P.S. Qeyd edək ki, ABŞ-nin Corciya ştatının və Gürcüstanın adı ingils dilində eyni cür (Georgia) yazılır və bir zamanlar hər iki ölkədə bu uyğunluğa pozitiv çalar verirdilər.

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr