AZ

XXI əsrin ilk qəhrəmanlıq salnaməsi - Şuşa zəfəri

2020-ci il sentyabrın 27-də Qarabağın azadlığına gedən yolda Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz zəfər yürüşünə başladı. Rəşadətli Ordumuz qurudan və havadan düşmənə məhvedici zərbələr vurarkən, Azərbaycan Prezidenti də diplomatiya silahı ilə düşmənlərimizin havadarlarını zərərsizləşdirir və müzəffər Ordumuza ciddi dəstək verirdi.
 
İşğal altındakı ərazilər azad edildikcə xalqın təlatümü, həyacanı artır, Şuşa həsrəti qabarırdı. "Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir". 
 
Şuşa haqqında fikirlərini, Qarabağın mədəniyyət qalasının onun ürəyində hansı məqamda olduğunu bu sözlərlə bəyan etmişdi Ulu Öndər Heydər Əliyev. 
Ulu Öndər üçün Şuşa təkcə yaşayış məkanı deyildi, O, Şuşanı azərbaycanlıların milli rəmzi, mədəniyyətimizin, tariximizin simvolu hesab edirdi.
 
Buna görə də Şuşanın azadlığı hər zaman Ulu Öndərin arzularının şah ünvanında yerləşirdi. Azərbaycan xalqını bu arzuya qovuşdurmaq, ata nəsihətini siyasi amal edinmək Cənab Prezidentin əsas hədəfi olmuşdu. Şuşanın azad edilməsi ərəfəsində Ali Baş Komandan müsahibələrindən birində demişdi: “Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”. Bəli, həqiqətən də belə idi. Şuşa əməliyyatımız da yarımçıq qalmadı və Zəfərlə tamamlandı. Noyabrın 8-də Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşanı işğaldan azad edildiyini bəyan etdi. Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış Şuşanın azad olunduğu gün Prezidentimiz tərəfindən tariximizə Zəfər Günü kimi təsbit edildi. Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri özündən qat-qat çox olan düşmən üzərində rəşadətli qələbə qazanaraq yeni bir qəhrəmanlıq dastanı yaratdı. Şuşa əməliyyatında igid oğullarımızın süngü-bıçaqla düşmən qüvvələrini məhv etməsi yeni bir tarix, unudulmaz bir qəhrəmanlıq nümunəsi idi. Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevdən təhvil aldığı Qarabağ estafetində nümayiş etdirdiyi qətiyyətin və prinsipiallığın nəticəsində Qarabağ davasına köklənmiş nəsil yetişdi. Elə bir nəsil ki, dövlətimizin başçısının da bildirdiyi ki, həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azadlığına qovuşdurdu.Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər. Şuşa əməliyyatı və Şuşa zəfəri XXI əsr ümumtürk tarixinin ilk qəhrəmanlıq salnaməsi və hərb tariximizin şah əsəridir. Bu əməliyyat və qazanılan möhtəşəm zəfər dünya hərb sənətinin nadir inciləri sırasındadır.
 
Şuşanın azad olunması Ermənistan rəhbərliyini kapitulyasiya aktını imzalamaq dilemması ilə üz-üzə qoydu. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanan 10 noyabr Bəyannaməsi, birmənalı şəkildə Ermənistanın imzaladığı kapitulyasiya aktı idi. Bu sənəd istər hüquqi, istərsə də siyasi baxımdan Ermənistanın Azərbaycan qarşısında təslimçilik sazişi idi.
 
İndi Şuşa beynəlxalq tədbirlərə, konfranslara evsahibliyi edən məkana, mühüm bəyannamələrin imzalandığı unikal ünvana çevrilib. 
 
270 illik tarixini qeyd etdiyimiz Şuşa 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı olmaq kimi qürurlu missiyanı şərəflə yerinə yetirdi.
 
Qarabağda düşmən işğalının sonu, tarixi Azərbaycanın ərazi bütövlüyünə gedən yolun başlanğıcıdır.
 
Bu gün azad Şuşa dirçəlir, sürətlə bərpa olunur. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir, bütün zəruri addımlar atılır. Qalib, məğrur xalqımız bu azadlığın, bu təntənənin sevincini yaşayır. Azad günlərini yaşayan müqəddəs şəhərim, biz sənin qoynunda əbədi yaşayacağıq!
 
Türkan Şadlinskaya,
Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi
 
Seçilən
28
moderator.az

1Mənbələr