AZ

Məktəblərin biologiya müəllimələri fənn(?) tədrisi ilə bağlı ağır problemə düşüblər...

Image

Məktəblərdə cinsiyyət dərslərinin keçirilməsi müasir təhsilin vacib tərkib hissəsi kimi önə çıxır. Cəmiyyətimizdə gender bərabərliyi, cinsiyyət anlayışları və insan hüquqları məsələlərinin gündəmə gəldiyi bu dövrdə gənc nəslin bu sahədə məlumatlı olması son dərəcə əhəmiyyətlidir. 

Nəzərə almaq lazımdı ki, cinsiyyət dərsləri gənclərin sağlam münasibətlər və sosial məsuliyyət anlayışını inkişaf etdirməkdə mühüm rol oynayır. Məlumdur ki, cinsiyyətlə bağlı mövzular anatomiya dərsində keçirilir. Məlumatlara görə, bəzi biologiya müəllimləri orta məktəblərdə anatomiya, cinsiyyət məsələlərilə bağlı mövzuları keçməkdən imtina edirlər. Yerli mətbuata açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, cəmiyyətin konservativ dəyərləri və cinsiyyət mövzularına dair tabular müəllimlərin bu dərsləri keçməsini çətinləşdirən səbəblərdir. Xüsusilə də bu, bölgələrdə özünü daha çox büruzə verir. 

Maraqlıdır, bu hal nədən irəli gəlir? Valideynlərin, yoxsa şagirdlərin fikirlərindən?Məktəblərdə cinsiyyətə aid dərslər keçirilsin, yoxsa yox?

Kamran Əsədov: “Cəmiyyətin bu mövzulara yanaşmasını dəyişdirmək üçün məktəb və ailə arasında əlaqə gücləndirilməlidir”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, orta məktəblərdə biologiya dərslərində anatomiya və cinsiyyət mövzularının tədrisi bəzi müəllimlər və cəmiyyət tərəfindən konservativ dəyərlərə görə çətin qəbul edilir. Bu problemlər daha çox bölgələrdə, sosial baxımdan daha bağlı və ənənəvi dəyərlərin hakim olduğu icmalarda müşahidə olunur: “Məsələnin kökləri cəmiyyətin ümumi düşüncəsində, ailə və məktəb arasındakı sosial və əxlaqi dəyərlərin qorunması zərurətində və bəzən bu mövzulara dair olan maarifləndirmənin yetərsizliyində axtarılmalıdır. Cəmiyyətin ümumi konservativ düşüncəsi, xüsusilə cinsiyyət mövzularına dair tabular müəllimlərin və valideynlərin bu mövzulara ehtiyatla yanaşmasına səbəb olur. Müəllimlər bu mövzuları tədris edərkən cəmiyyətin təzyiqi ilə qarşılaşırlar. Cinsiyyət və anatomiya ilə bağlı mövzular valideynlər və bəzi şagirdlər tərəfindən əxlaqi dəyərlərin pozulması kimi qəbul edilə bilər. Valideynlər öz övladlarının bu cür mövzularla tanış olmasının onların dəyərlərinə və tərbiyəsinə mənfi təsir göstərəcəyini düşünə bilər. Bu, cəmiyyətdə cinsiyyət məsələlərinin açıq müzakirəyə çıxarılmasına dair yaranan narahatlıqdan və mövzuya olan yanlış yanaşmalardan qaynaqlanır. Cəmiyyətin bu mövzulara mənfi yanaşması müəllimlərin də üzərində psixoloji bir təzyiq yaradır. Valideynlərin narazılığı ilə qarşılaşmaq və onların etirazlarına məruz qalmaq qorxusu ilə müəllimlər bu mövzuları ya tamamilə keçməməyə üstünlük verirlər, ya da mövzuları çox səthi şəkildə izah edirlər. Bu hal, xüsusilə də bölgələrdə özünü daha qabarıq göstərir, çünki orada insanların mövzuya dair baxışları daha ənənəvi və qapalı olur. Müəllimlərin üzərinə qoyulan mənəvi və sosial təzyiq onları özlərinin də əksər hallarda çətinliklə izah edə biləcəyi bu mövzulardan yayınmağa məcbur edir. Anatomiya və cinsiyyət mövzularının tədris edilməməsi şagirdlərin sağlam və düzgün məlumat almaq imkanlarını məhdudlaşdırır. Bu mövzuların tədrisi onların bədənlərini tanıması, cinsi sağlamlıq və gigiyena mövzusunda məlumatlı olması üçün əhəmiyyətlidir. Gənclərin bu mövzularda məlumatlandırılması onların cinsi yetkinlik dövründə sağlam davranış və gigiyena qaydalarını öyrənməsinə və gələcəkdə sağlam münasibətlər qurmasına imkan yaradar. Məktəb mühiti bu mövzulara dair etibarlı məlumatın əldə olunduğu əsas yerlərdən biri olmalıdır. Əks halda, şagirdlər qeyri-rəsmi mənbələrdən məlumat alaraq yanlış fikirlərlə formalaşa bilər və bu da onların gələcək həyatında mənfi təsirlər yarada bilər. Məktəblərdə cinsiyyətə aid mövzuların tədrisi barədə cəmiyyətin təbliğatına ehtiyac var. Bu mövzuların tədrisinin əxlaqi dəyərlərlə ziddiyyət təşkil etmədiyi, əksinə, şagirdlərin sağlam inkişafı üçün vacib olduğu vurğulanmalıdır. Valideynlər və məktəblər arasında bu mövzularda dialoq qurulmalı və cəmiyyətin məlumatlandırılması üçün maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Valideynlərin narahatlıqlarını nəzərə alaraq, onlara dərslərin məqsəd və məzmunu barədə ətraflı məlumat verilməsi onların mövzuya dair yanaşmasını dəyişdirə bilər. Valideynlərin və şagirdlərin bu mövzularla bağlı məlumatlandırılması, təhsil proqramlarının uyğun formada təşkil edilməsi cəmiyyətdə cinsiyyətə dair təhsilin qəbul olunmasını asanlaşdırar. Gənclərin düzgün, sağlam və güvənli bir şəkildə böyüməsi üçün təhsilin hər bir istiqamətinə yer verilməsi vacibdir. Cinsiyyət və anatomiya mövzuları şagirdlərin öz bədənlərini tanıması, fərqli orqanların funksiyalarını öyrənməsi və gigiyena qaydalarını mənimsəməsi baxımından onların inkişafında mühüm rol oynayır. Bu mövzuların məktəblərdə tədris edilməsi uşaqların cinsi yetkinlik dövründə fiziki və psixoloji sağlamlıqlarının qorunmasına dəstək verir və onların gələcəkdə sağlam davranış modelləri qurmalarına kömək edir. Cəmiyyətin bu mövzulara dair yanaşmasını dəyişdirmək üçün məktəb və ailə arasında əlaqə gücləndirilməli, cəmiyyət maarifləndirilməli və bu mövzuların tədrisinin sağlam təhsil üçün əhəmiyyətli olduğu vurğulanmalıdır”.

Fatimə Hacıbəyli: “Dərsdə istənilən mövzu lazımı şəkildə tədris olunmalıdır”

Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dərsdə istənilən mövzu lazımı şəkildə tədris olunmalıdır: “Dərs prosesində şagirdlərin gülməsinə, müzakirə aparmasına şərait yaradılmamalıdır. Tədris prosesi zamanı elmi adlardan, elmi terminlərdən istifadə etmək lazımdır. Bu cür hallara yol verən müəllimlər qəti şəkildə cəzalandırılmalıdır. Yaxşı müəllimin dərsini, maraqlı və dolğun təqdimatını şagirdlər maraqla və diqqətlə dinləyir. Kim necə tədris edir, bu haqda heç bir fikir bildirə bilmərəm, amma fənnə maraq azdır fikri ilə qətiyyən razı deyiləm”.

Günel CƏLİLOVA





Seçilən
34
baki-xeber.com

1Mənbələr