AZ

“Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər” - FOTO

Bu gün ürəyi Vətən boyda olanların bayramıdır-Zəfər Günüdür. Bakı və Qarabağda son bir həftə etdiyimiz çəkilişlərdən sonra Naxçıvana qayıdırıq və mən də heyətimiz kimi bir az yorulmuşam... Səhər yuxudan oyanıb işə gəlirəm ki, montajı bitirib çəkdiyimiz filmləri efirə çatdıra bilək. Yol boyu görürəm ki, Naxçıvanın hər yeri bayram ab-havasındadır. Düz 4 il əvvəl olduğu kimi... Bu ab – havanı Xocalıda, Xankəndində, Füzulidə, Ağdamda, Şuşada da gördüm.

Şuşadayıq...

Təsəvvür edin, Şuşada qədim bir “Qarabağ” küçəsi var, küçə başdan-başa tikinti, quruculuq meydanıdır, rəsmən qaynayır,  insanlarımız o qədər böyük əzmlə tikib-qururlar ki, bunu sözlə ifadə edə bilmərəm. Zəfər yoluna paralel çəkilən 81,6 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa yolu isə unikal bir layihədir. Ümumilikdə, Qarabağ bölgəsində tikilməkdə olan dəmir yolları, enerji infrastrukturu, sosial və inzibati obyektlər saysız hesabsızdır...

Xocalıdayıq...

Bu nisgilli diyarda müasir həyat standartları qurulur, Ağdam böyük bir sənaye və mədəniyyət mərkəzinə çevrilir. Xocalı məktəbinin direktoru Nəvai Həsənov ən doğma insanlarını şəhid verib, bir neçə nəfər əzizi soyqırımı qurbanı kimi itkin düşüb. Evi hələ tam hazır olmadığına görə, bəzən məktəbdə gecələyir, təhsil ocağına rəhbərlik edir  və Xocalı uşaqlarına dərs deyir. 100-ə yaxın şagird məkrəbdən elə sevinclə çıxıb həyətdə oynayır ki, bu sevinci yalnız görmək lazımdır (Mobil telefonla çəkdiyim videonu əlavə edəcəyəm).

Xankəndindəyik...

Şəhər qaynayır, 5 ay əvvəl gördüyüm mənəzrə çox dəyişilib. Hər yerdə tikinti və sürətli məskunlaşma var. 4 nömrəli məktəbin yanında yerləşən oteldən məktəbin həyətini çəkirəm, səhər-səhər yüzlərlə şagird məktəbə gəlir. Qarabağ universitetinində tələbələrimizlə görüşmək isə ayrıca bir qürurdur.

Hərbi ekspert Ədalət Verdiyevdən müsahibə alan zaman yaşlı bir nəfər yaxınlaşıb deyir:

- Mənə də şərait yaradın, ürəyimi boşaldım.

Talış kəndi uğrunda döyüşlərdə şəhid olan şəhid-çavuş Xəqani Nəsirovun atası Kamran Nəsirovdur. Görüşüb kef-hal edirik, dayanmadan ağızdolusu danışır:

- Ermənilər havadarlarından güc alaraq 1988-dən bizə zülm etməyə başladılar. Dövlət yox idi, ordu yox idi. Biz bir avtomat tapa bilmirdik, mintiqləri yatırmaq üçün Bakıda hökümət evinin qarşısında 30-a qədər BTR yığmışdılar. Biz ona görə torpaqları itirdik. Qələbəni də ona görə qazandıq ki, ordumuz ordu, komandanımız komandan idi... Bir oğlum şəhid olub, fəxr edirəm, 70 yaşım var, özüm də bu gün döyüşməyə hazıram.

Cıdır düzündəyik...

Vətən müharibəsi illərində Kanadada yaşayan və iş-gücünü buraxıb Vətən uğrunda döyüşməyə gələn qazi baş leytenant İqbal Səfərovdan müsahibə alırıq. Bu an başımızın üzərindən döyüş təyyarələrimiz-milli şahinlərimiz üçür, həm də, İqbal keçilməz meşələrdə, sıldırım qayalarda çox çətin keçən döyüş yolundan danışarkən...

...Televiziyanın həyətində əməkdaşlarımızla görüşüb 8 Noyabr münasibəti ilə  bayramlaşırıq. İş otağıma keçib televizoru açıram və günün ən gözəl xəbərini alıram: “Müzəffər Ali Baş Komandan ailə üzvləri ilə birlikdə Bakıda Zəfər Parkını açıb və xalqımıza müraciət ünvanlayıb”. Prezidentimiz deyir:

“İndi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır”.

Bir neçə il əvvəl dünyanın  münaqişə, qeyri-sabitlik regionu kimi tanınan Cənubi Qafqaza məhz Azərbaycan sabitlik və quruculuq, yeni iqtisadi əməkdaşlıq imkanları gətirib. Belə ifadə etsək, biz 44 günə sülhü müharibə ilə gətirməyin nümunəsini yaratmışıq.

Bəli, biz tarixi yaddaşı unutmamalıyıq. Və bilməliyik ki, bir zaman ermənilərdən şir düzəldənlər, 44 günlük müharibədə onların dovşan olmalarını yalnızca seyr etdilər. İndi göyərçin düzlətsələr nə yazar?!

Hamılıqla, bir yumruq kimi birləşib qazandığımız XALQ ZƏFƏRİMİZ qutlu olsun! Biz birlikdə güclüyük!

//youtu.be/0niMrCJ9c3I

Sahil Tahirli,

Naxçıvan Televiziyası

Naxçıvan-Xankəndi-Naxçıvan

Seçilən
31
bizim.media

1Mənbələr