Ermənistan Cənubi Qafqaz Moldovasıdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın "Nasionalnaya Oborona" jurnalının baş redaktoru, hərbi ekspert və analitik İqor Korotçenko bildirib.
Onun sözlərinə görə, Ermənistan uzun illər ərzində özünü “Cənubi Qafqazda Rusiyanın forpostu” kimi göstərib, bundan hər cür bonuslar və üstünlüklər qazanıb. "Həqiqətdə isə Ermənistan indi olduğu kimi olub. Sadəcə maskalar atılıb. Nikol Paşinyanın siyasətini Ermənistan vətəndaşlarının əksəriyyəti dəstəkləyir. Bu, onların şüurlu seçimidir".
Hərbi analitikin fikrincə, Ermənistan de-fakto Rusiyaya dost olmayan, Qərbin xeyrinə seçim etmiş dövlətdir. "Ermənistan Cənubi Qafqaz Moldovasıdır", - deyə Korotçenko vurğulayıb.
Azərbaycanın ikinci Qarabağ müharibəsində qələbəsindən danışan rusiyalı hərbi ekspert qeyd edib ki, bu, müasir hərbi qarşıdurmanın bütün sonrakı tendensiyalarını əvvəlcədən müəyyən edən PUA-ların kütləvi istifadə olunduğu ilk müharibə olub.
Korotçenko bildirib ki, ikinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda hansısa saqqallı separatçı dəstələr deyil, nizami Ermənistan ordusu iştirak edib: "Ermənistan ən müasir silah sistemlərindən fəal şəkildə istifadə edərək Azərbaycanın dinc şəhərlərinə raket hücumları edib... Bakını əks-hücum "Dəmir yumruq" əməliyyatını dayandırmağa məcbur etmək üçün... Amma bu, nəticəsiz olub. Müharibəni ən yaxşı strateji təfəkkürə malik olan, ordusu daha hazırlıqlı və təchiz edilmiş, daha motivasiyalı və qələbəyə hədəflənmiş olan qazanar".