AZ

Azərbaycan İstanbulda Türk Ticarət Sərgisində iştirak edir

Azərbaycan İstanbulda ilk dəfə keçirilən Türkdilli Dövlətlərin Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisində (Türk Ticarət Sərgisi) iştirak edir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, ölkəmiz sərgidə Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi tərəfindən təmsil edilir.

Nümayəndəliyin rəhbəri Tamerlan Tağıyev iştirakçılar və TDT-yə üzv ölkələr tərəfindən Azərbaycanın yatırım və ticarət potensialına böyük marağın olduğunu vurğulayıb: “Biz qarşı tərəfə Azərbaycanda yeni yatırımlar üçün yaradılmış imkanlar haqqında məlumat verdik. Bura həm sənaye parkları, həm də azad ticarət zonası da daxildir. Həmçinin, azad edilmiş ərazilərdə, Qarabağda da mövcud güzəşt və imkanlar haqqında məlumatlandırırıq. Xüsusən də, Qarabağda fəaliyyət göstərən şirkətlər üçün güzəştli kreditlər, layihələrdə dövlət iştirakı və digər imkanlar haqqında”.

T.Tağıyev, həmçinin, Azərbaycanın mühüm regional nəqliyyat dəhlizlərinin həm mərkəzi, həm kəsişməsində olduğunu xatırladaraq, bu amilin türk dünyası üçün vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Türk dövlətlərinin iş adamlarının bir araya gəlməsi ilə əhəmiyyətli körpü yaratmaq və beynəlxalq tərəfdaşlarla ticarət əlaqələri qurmağı hədəfləyən sərgidə 20-dən çox sahədə məhsul qrupları və yeni texnologiyalar nümayiş etdirilir. Sərginin məqsədi türk dövlətləri arasında ticarət, sənaye, investisiyalar, texnologiya, xidmətlər və digər iqtisadi sahələrin inkişaf etdirilməsi, ölkələrin müxtəlif sahələrdə qazandığı inkişaf təcrübələrinin digər ölkələrlə paylaşılması və Türk Dünyası arasındakı ticarətin asanlaşdırılması və investisiyaların təşviqinə dair işlərin aparılmasıdır.

Seçilən
42
1
apa.az

2Mənbələr