AZ

Fransanın müstəmləkə siyasəti BMT tərəfindən ifşa olundu

Özünü “demokratiyanın beşiyi” kimi təqdim etməyə çalışan Fransanın Yeni Kaledoniyada törətdiyi zorakılıqlıqlar bu ölkənin gerçək simasını ortaya qoydu. Əslində Fransa əsrlərdir kolonizm siyasəti ilə bəşəriyyətə qarşı böyük cinayətlər işlədib, XXI əsrdə bu cinayətləri neokolonizm siyasəti ilə davam etdirir. Lakin artıq yerli xalqlar bu zülmə son qoyulması uğrunda mübarizəyə başlayıb. Yeni Kaledoniyada yerli kanak xalqının mübarizəsi də belə nümunələrdən biridir.

Fransanın dənizaşırı ərazilərdə insan haqlarını pozmasının ifşa edilməsində Bakı Təşəbbüs Qrupunun mühüm rolu oldu. BTQ baş verən zorakılıqlar, insan haqlarının pozulması faktlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı, o cümlədən, alternativ hesabatlar hazırlayaraq, BMT başda olmaqla beynəlxalq təşkilatlara təqdim etdi. Noyabrın 7-də BMT-nin İnsan Hüquqları Komitəsinin yayımladığı hesabatda Fransa polisinin Yeni Kaledoniyada törətdiyi zorakılıqların, o cümlədən, dənizaşırı ərazilərdə törətdiyi vandallıqların pislənilməsi bu fəaliyyətin nəticəsi hesab oluna bilər.

Hesabatda qeyd olunur ki, Fransa polisi Yeni Kaledoniyada etirazlar zamanı həddindən artıq güc tətbiq edib, nəticədə insanlar ölüb, yüzlərlə insan yaralanıb. BMT-nin İnsan Haqları Komitəsi baş verənlərə görə narahat olduğunu vurğulayıb. Hesabatda Fransanın miqrantların miqrantların hüquqlarını pozduğu,onları İtaliya sərhədindən məcburi geri qaytardığı və sığınacaq prosedurlarına çıxışlarını məhdudlaşdırdığı da vurğulayıb. Diqqətə çatdırılır ki, Fransa hökuməti insanların həyatına, yaşamaq hüququna laqeyd münasibət sərgiləyir.

Fransanın dənizaşırı ərazilərdə insan haqlarını pozması, zorakılıq siyasəti yeni deyil, lakin indiyə qədər bu faktlar diqqətdən kənarda qalırdı. Bu dəfə isə artıq BMT səviyyəsində Fransanın anti-bəşəri fəaliyyəti ifşa olunub. Bu prosesdə ən böyük rolu məhz Bakı Təşəbbüs Qrupu həyata keçirdi. BTQ dənizaşırı ərazilərdə baş verən faktları müxtəlif hesabatlar formasında BMT İnsan Haqları Komitəsinə təqdim edib. Bu, həm toplanan faktların hesabatlar formasında təqdim edilməsi, həm də keçirilən görüşlərdə faktların çatdırılması formasında reallaşıb. BTQ həmçinin, Fransanın müstəmləkə siyasəti ilə bağlı alternativ hesabat hazırlayaraq, BMT-nin rəsmi saytında dərc etdirib. Fransız müstəmləkəsi altında olan ərazilərin nümayəndələrinin Fransanın hesabatının təqdimatında iştirakı təmin edilib və onların iştirakı ilə BMT-nin Cenevrədə yerləşən iqamətgahında Fransa müstəmləkçiliyi əleyhinə aksiyalar keçirilib. Bakı Təşəbbüs Qrupu və Fransız müstəmləkəçiliyi altında olan ərazilərin nümayəndələrinin birgə səyləri nəticəsində BMT-nin İnsan Hüquqları Komitəsi Fransız hökumətindən Fransız polisi tərəfindən Yeni Kaledoniyada həyata keçirilən qanunsuz həbslərə dair əsaslandırma tələb edib.

Bu fəaliyyətin nəticəsində BMT İnsan Haqları Komitəsi Fransanın müstəmləkə ərazilərindəki real vəziyyətlə tanış olub və hazırladıqları hesabatda bu faktlar öz əksini tapıb. Beləliklə, Fransanın anti-demokratik və anti-bəşəri fəaliyyəti artıq dünyanın ən ali orqanı tərəfindən ifşa edildi.


Vaqif Hüseynli
Demokrat.az
Seçilən
28
demokrat.az

1Mənbələr