AZ

Çin hökuməti iqtisadiyyat üçün 1,4 trilyonluq dəstək mexanizmini işə salır

Çin hakimiyyəti iqtisadi artımı stimullaşdırmaq üçün daha bir dəstək mexanizmini işə salıb. Bu, yerli hökumətlərin borc yükünün azaldılması proqramının tətbiqidir. Pekin Proqramın icrasına 10 trilyon yuan (1,4 trilyon dollar) ayıracaq.

Musavat.com xəbər verir ki, məlumatı Sinxua agentliyi yayıb.

Çin hakimiyyəti yerli özünüidarə orqanlarının borc tavanının 6 trilyon yuan (təxminən 838 milyard dollar) artırılmasını təsdiqləyib. Çin Xalq Respublikası Dövlət Şurasının qərarı Ümumçin Xalq Nümayəndələri Yığıncağının (MPK) daimi komitəsinin bu gün başa çatan iclasından sonra razılaşdırılıb. Yerli hökumətlərin borc tavanının 35,52 trilyon yuana qədər artırılması onlara qarşıdakı üç il ərzində balansdankənar və ya gizli borcları yenidən maliyyələşdirməyə imkan verəcək.

Emitentlər həmçinin beş il ərzində borcların yenidən maliyyələşdirilməsi üçün yeni xüsusi kvota çərçivəsində 4 trilyon yuan məbləğində əlavə resurslara çıxış əldə edəcəklər.Beləliklə, Çin yerli hökumətlərin borc yükünün azaldılması proqramına ümumilikdə 10 trilyon yuan (1,4 trilyon dollar) ayırır.

Çinin maliyyə naziri Lan Foan bildirib ki, borcun yenidən maliyyələşdirilməsi mexanizminin işə salınması “beynəlxalq və daxili hadisələr, iqtisadi və fiskal sabitliyin təmin edilməsi zərurəti və yerli hökumətlərin faktiki vəziyyəti nəzərə alınmaqla mühüm siyasət qərarıdır”.

Çinin ÜDM artımı 2024-cü ilin üçüncü rübündə illik 4,6 faizə qədər yavaşlayıb ki, bu da 2023-cü ilin birinci rübündən bəri ən aşağı göstəricidir. Əldə olunan bu nəticə Pekinin bu il ÜDM-in 5 faizlik artım hədəfinə çatmaq qabiliyyətini şübhə altına alır.

Belə şəraitdə ölkə hakimiyyəti iqtisadiyyatı dəstəkləmək üçün daşınmaz əmlak bazarı üçün stimulların tətbiqi və faiz dərəcələrinin aşağı salınması da daxil olmaqla bir sıra tədbirlər həyata keçirib.

Seçki kampaniyası zamanı Çindən idxala 60 faiz əlavə rüsum tətbiq edəcəyini vəd edən Donald Trampın ABŞ prezident seçkilərində qələbə qazanması ilə əlaqədar ÇXR iqtisadiyyatının perspektivləri ilə bağlı narahatlıqlar güclənib.

Çin Maliyyə Nazirliyinin hesablamalarına görə, 2023-cü ilin sonunda Çində yerli hökumətlərin gizli borcları 14,3 trilyon yuan təşkil edib. Lan Foan bildirib ki, ölkə hakimiyyəti 2028-ci ilə qədər onları 2,3 trilyon yuana qədər azaltmağı gözləyir.

Borcun yenidən maliyyələşdirilməsinin yerli hökumətlərə beş il ərzində faiz ödənişlərində 600 milyard yuan qənaət etməyə şərait yaradacağı gözlənilir.

Çin hakimiyyətinin bu addımı iqtisadçılar tərəfindən gözlənilən idi. Eyni zamanda, onlar NPC iclasından sonra ölkə daxilində birbaşa istehlakçı tələbatını stimullaşdırmaq üçün əlavə tədbirlər haqqında bir açıqlama gözləyirdilər, lakin bu edilmədi. Financial Times-ın yazdığına görə, bu, bazarları məyus edə bilər.

Musavat.com

Seçilən
12
50
musavat.com

10Mənbələr