AZ

“Nürnberq böyük səhvə yol verib” – klub Mahirlə müqaviləsinin müddətini uzatmalıdımı?

Mahir Emrelinin “Nürnberq”dəki uğurlu çıxışı karyerasını Almaniyanın 2-ci bundesliqasında davam etdirə biləcəyi yönündə gözləntiləri artırıb.

Bilindiyi kimi, klubla millimizin üzvü arasındakı müqavilə cari mövsümün sonunda başa çatacaq. Görəsən, müddətin artırılmasıyla bağlı danışıqların başlanması ehtimalı varmı? Adətən, klublar bacarıqlı oyunçularını itirməmək üçün bu prosesi qış aylarında başladır.

Mövzu haqda fikirlərini öyrənmək üçün təcrübəli menecer Tural Əsgərova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Birincisi, “Nürnberq”in Mahirlə birillik müqavilə bağlaması çox yalnış addımdı. Klub böyük səhvə yol verib. Bəlkə də müddətin artırılmasıyla bağlı danışıqlara artıq start verilib. Sadəcə, bizim xəbərimiz yoxdu. İkincisi, belə məsələlər yalnız qolların sayıyla tənzimlənmir. Burda bir neçə məqam var. Futbolçunun nəinki oyunlarda keçirdiyi vaxt, məşqlərdəki performansı, hətta məşqdənkənar fəaliyyətinə diqqət edilir. Məsələ Mahirdən və klubdan asılıdı. İndi dörd qol vurduğuna görə Emreliylə müqavilənin müddətinin artırılmasının vacib olduğunu desək, doğru olmaz. Hələ qarşıda oyunlar var. Yəqin ki, futbolçunun buraxdığı və ya qol vurmadığı oyunlar da olacaq. Belə hadisələr Messinin, Ronaldonun da başına gəlib”.

Tural bəydən baş məşqçi Miroslav Klozenin Mahirlə bağlı narazılıqları haqda fikirlərini də soruşduq:

“İnanmıram ki, hansısa məşqçi futbolçusunun tam ideal, fantastik çıxış etdiyini, performansından tam razı qaldığını desin. Kloze səhv danışmır ki... Məncə, Mahir həqiqətən daha yaxşısını edə bilər. Baş məşqçi də bunu arzulayır. Üstəlik baş məşqçi və oyunçu arasında münasibətlər yaxşıdı. Hadisələrinin axarının nəylə nəticələnəcəyini zaman göstərəcək. Emreli start heyətindəki yerini qorumalıdı”.


KƏNAN BAHADIR
Seçilən
28
football-plus.az

1Mənbələr