AZ

"Ən çox sezilən problem budu ki..." - Samir Abasov şikayətçi deyil

"Neftçi" Misli premyer-liqasının 13-cü turunda evdə "Şamaxı"nın öhdəsindən gələ bilmədi - 2:2.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Xalqımızı möhtəşəm bayram münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Oyuna gəlincə, get-gedə komandada nə problemlər var, nəyin üzərində durmalıyıq, hansı yöndə işləməliyik – bütün bunlar daha çox sezilir. Çıxış yolu durmadan işləməkdi. Belə halları geridə qoymalı, pozitiv məqamların üzərində dayanmalıyıq. Yeni futbolçular ortaya çıxıb, bəziləri daha da inkişaf edib. Məqsəd gələcəkdə bizə xeyir verəcək komanda qurmaqdı. Bu mənada Murad Məmmədovu qeyd edərdim. Onu təbrik edirəm, oyuna çox yaxşı başladı. Sadəcə, bizim əziyyət çəkdiyimiz məqam, yəni tempin düşməsi ikinci hissədə Muradda da özünü göstərdi. Açığı, oyunların tempinə tab gətirə bilmirik. Ən çox sezilən problem budu ki, aradan qaldırmağa çalışacağıq.

- Dembo Darbo epizodların birində qapıyazərbə endirmək əvəzinə Emin Mahmudova ötürmə etdi. Halbuki qol vurmaq şansı daha çox idi. Ofsayd qeydə alınanda isə gülümsədi...

- Fikir bildirmək üçün epizodu ətraflı analiz etməliyik. Gülümsəməyinə gəlincə, burda neqativ məqam axtarmıram. Hesabda öndə olduğumuza görə arxayınlıq var idi. Əziyyət çəkdiyimiz məsələ kiminsə qol vurması yox, son anlarda verilən qərarlardı.

- "Neftçi" uğursuz olanda baş məşqçi tənqid edilir. Deyirlər ki, Samir Abasov da gəldi, heçnə dəyişmədi. Görünür, əsas problem fiziki durumla bağlıdı. Bu problemi necə həll edəcəksiz?

- Rotasiyalar edə-edə, daha hazırlıqlı olanları meydana buraxmaqla komandanı formalaşdırmaq lazımdı. Təbii ki, problemlər var. Hər şey yaxşı olsa, baş məşqçi dəyişməzdi. Amma bura şikayətlənmək üçün gəlməmişəm. "Neftçi"ni belə vəziyyətdən xilas etmək lazımdı. Bu gün problemlərdən danışsam, azarkeşlər üçün maraqlı olmayacaq. Görüləcək iş çoxdu.

- Yeqor Boqomolskini aşağılamaq kimi çıxmasın, amma onda nə görmüsüz ki, şans verirsiz?
- Üç oyunda meydana çıxmaq məşqçi üçün göstərici deyil. Hətta hər birində 90 dəqiqə oynasa belə, yekun qərar vermək üçün az vaxtdı. Onu deyə bilərəm ki, Boqomolski müdaxilə etdiyi təhlükəli epizodlarda Darbodan daha yaxşı çıxış etdi. Bəlkə bir-iki epizodda doğru qərar versə, qol da vurardı. Ümumiyyətlə, Boqomolski Darboyla müqayisədə önə atılan oyunçudu.

- Azarkeşlər bu dəfə komandanı alqışlamadı. Sanki "Səbail" üzərində qazanılan qələbədən sonra itirilən xallar onların ümidini tükədib...
- Tərəfdarların davranışlarında nəsə axtarmaq günahdı. Baş məşqçi kimi nə danışa bilərəm? Hansısa azarkeşə etiraz etmək ixtiyarımız varmı? Hamısı özünə görə haqlıdı. Nə edirlərsə, düz edirlər.

- "Sumqayıt"da çalışarkən "Neftçi"ni analiz etmisiz. Bura gəldikdən sonra hansı problemin daha dəhşətli dərəcədə olduğunu gördüz?
- Qələbə qazana bilmirik. O vaxt "Neftçi"nin içində deyildim. Komanda haqda dərin informasiyam yox idi. Kollektiv əvvəlki baş məşqçinin istəyilə formalaşdırılıb. Düzü, dediklərim heç kimə maraqlı deyil. Əsas odu ki, vəziyyətdən çıxaq.

- Sizcə, Murad Məmmədov gələcəkdə komanda üçün faydalı futbolçu ola biləcəkmi?
- Murad çox istəklidi, aqressivdi. Belə xarakterə malik olan futbolçular tez inkişaf edir. Heç nədən çəkinmir. Akademiyamızın futbolçusudu. Belə kadrları qazanmalıyıq.

KƏNAN BAHADIR

Seçilən
22
football-plus.az

1Mənbələr