Donald Trampın rəhbərliyi altında gələcək ABŞ administrasiyası münaqişənin diplomatik yolla həllinə fokuslansa, Ukraynadakı müharibə tez bir zamanda dayandırıla bilər.
Azpost.info-nun məlumtna görə, Reuters xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O vurğulayıb ki, müharibəyə son qoymaq üçün silah və münaqişələr deyil, dialoq və razılaşmalar lazımdır.:“Tramp administrasiyasının bu məsələyə həll düşüncəsi ilə yanaşdığını görsək, bu müharibəni asanlıqla bitirə bilərik. Silahlara, bombalara və qarşıdurmalara deyil, daha çox dialoq, diplomatiya, razılaşmalar sülhün qapısını açacaq”, – deyə Ərdoğan bildirib.
O, diplomatiyaya daha çox önəm verilməsinin sülhün qapısını aça biləcəyinə əminliyini ifadə edib. Türkiyə lideri əlavə edib ki, ABŞ başda olmaqla Qərb dövlətlərinin müharibəni bitirmək səyləri sülhün əldə olunmasını xeyli sürətləndirə bilər.
Tramp daha əvvəl demişdi ki, seçiləcəyi təqdirdə Ukraynada 24 saat ərzində sülhə nail ola bilər. Lakin bu mürəkkəb münaqişənin necə həll olunacağını dəqiqləşdirməyib.
Mart ayından Türkiyə fəal şəkildə danışıqlara çağırır və vasitəçiliyini təklif edir. Ərdoğan qeyd edib ki, ölkəsi bir dəfədən çox hər iki tərəfi danışıqlar masası arxasına çəkib və buna yenidən hazırdır.