AZ

Zəfər Günü Qarabağ bölgəsində yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd edilib

8 Noyabr – Zəfər Günü respublikamızın hər yerində olduğu kimi Qarabağ bölgəsində də yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Tərtərdə şəhid ailələri, qazilər və müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə bayram tədbiri keçirilib. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilən torpaqlarımız azad olunub.

Bayram süfrəsi arxasında keçən tədbirdə Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı nümayiş olunub.

Şəhid ailələri və qazilər onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

XXX

Xocavənd rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində Zəfər Günü ilə bağlı konsert olub. Bayram tədbirində Xocavənd Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, ərazi nümayəndələri, idarə, müəssisə və təşkilatların əmək kollektivi, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak ediblər.

XXX

Ağcabədi rayonu ərazisində müvəqqəti məskunlaşmış laçınlılar Zəfər Gününü Taxtakörpü qəsəbəsindəki Heydər Əliyev adına parkda qeyd ediblər. Şəhid ailələri, qazilər, veteranlar və ictimaiyyət nümayəndələri əvvəlcə şəhidlərin Xatirə kompleksi ziyarət edərək önünə tər qərənfillər düzüblər.

Təntənəli bayram tədbiri Azərbaycanın dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə minnətdarlıq hissi ilə qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, eyni zamanda Laçın rayonu işğaldan azad olunub. Artıq Böyük Qayıdış Planına əsasən yüzlərlə laçınlı ailəsi öz doğma ata-baba yurduna qayıdıb, bu proses uğurla davam etməkdədir.

XXX

Bərdə şəhərinin mərkəzi meydanında keçirilən bayram tədbirində əvvəlcə uşaq incəsənət məktəblərinin və təhsil müəssisələrinin şagirdlərinin əl işlərindən ibarət “Zəfər sərgisi” nə baxış keçirilib.

Çıxış edənlər 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən bəhs ediblər. Tədbir Qarabağ xalq çalğı alətləri ansamblı tərəfindən hazırlamış musiqili proqramla başa çatıb.

Seçilən
39
sia.az

1Mənbələr