AZ

Dövlətin ən böyük şirkətləri vahid mərkəzə tabe edildi: Gözləntilər nədir?

Azərbaycanda yeni publik hüquqi şəxs yaradılıb. Prezident İlham Əliyevin noyabrın 7-də imzaladığı fərmanla Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) publik hüquqi şəxs yaradılıb. Ölkədə nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələri bu hüquqi şəxsin idarəçiliyinə verilib. Fərmanda bu addımın atılmasında əsas məqsədin idarəetməyə verilən müəssisələrin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi səmərəliliyinin yüksəldilməsi və dövlət büdcəsinin gəlirliliyinin artırılması üçün müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin qurulması olduğu qeyd edilir.

Sənədə əsasən Holdinq onun idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin vahid prinsiplərə uyğun idarə olunması, işinin təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Holdinqin fəaliyyətinə ümumi rəhbərliyi Müşahidə Şurası, cari rəhbərliyi icraçı direktor həyata keçirir.

Holdinqin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri idarəetməsinə verilmiş dövlət müəssisələrinin ona ödədikləri vəsait hesabına (hər bir müəssisə üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada və qanunla qadağan olunmayan digər mənbələrdən maliyyələşdiriləcək.

Prezident Nazirlər Kabinetinə 1 ay müddətində AZCON-un Nizamnamə layihəsini hazırlayıb ona təqdim etməyi tapşırıb.

prezident.jpg

Holdinqin idarəetməsinə verilən dövlət müəssisələri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı Gəmiqayırma Zavodu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki yuxarıda qeyd edilən hüquqi şəxslərin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər və müəssisələrdir.

Qeyd edək bu qurumlar 2020-ci ildə Prezidentin fərmanı ilə yaradılan Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə verilmişdi. Həmin vaxt Prezident dövlət şirkətlərinin fəaliyyətini, xüsusilə maliyyə fəaliyyətini kəskin tənqid edib, bu sahədə ciddi addımların atılmasının zəruri olduğunu bildirmişdi. Daha sonra AİS-in yaradılması və demək olar ki, bütün iri dövlət şirkətləri onun tabeliyinə verilməsi haqqında fərman imzalandı. Fərmanda AİS-in yaradılmasının əsas məqsədi olaraq dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması qeyd edilmişdi.

Dörd il əvvəl AİS-in idarəetməsinə verilən dövlət şirkətlərinin indi yenidən və eyni məqsədlə başqa bir publik hüquqi şəxsin idarəetməsinə verilməsi ondan xəbər verir ki, 2020-ci ildə atılan addım səmərəsiz olub. Belə görünür ki, bu dövlət şirkətlərinin idarəetməsində, fəaliyyətində nəzərdə tutulan irəliləyişlər əldə olunmayıb. Və bundan dövlət başçısının da məlumatı olduğuna görə bu dəfə sıra nəqliyyat və kommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərin fəaliyyətində dönüşə nail olunması üçün başqa format seçilib.

Onu da bildirək ki, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı dünya ticarətinin gündəmində olan məsələlərdən birinə çevrilib. 2022-ci ildə Ukraynadakı işğalçı müharibənin başlanması ilə Avropa ilə Asiyanı birləşdirən Rusiyadankənar ticarət yollarının dirçəldilməsi son dərəcə aktuallaşıb. Ötən ildən Qırmızı dəniz regionundakı konflikt prosesin əhəmiyyətini qat-qat artırıb. Nəticədə Avropa İttifaqı, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq qurumlar Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa həlqələrindən ibarət Orta dəhlizin inkişafı üçün fəaliyyləri birləşdiriblər. Eyni zamanda Avropa ilə ticarətdən, Avropa üzərindən keçən ticarət yollarından məhrum olan Rusiya əsas ticarət tərəfdaşlarından birinə çevrilmiş Hindistanla ticari əlaqələrini genişləndirmək üçün Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin icrasını prioritetə çevirib. Belə bir şəraitdə Azərbaycanın nəqliyyat-kommunikasiya sisteminin artan tələblərə uyğunlaşması, dəhlizlər üzrə daşımalarda çevik əlaqələndirmənin təmin olunması baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir. AZCON bu sahədə dönüş yaratmağa, tabeliyinə verilən dövlətin ən iri şirkətlərinin idarətetməsində səmərəliliyi təmin etməyə nail ola biləcəkmi?

İqtisadçı-ekspert Rəşad Həsənovun Musavat.com-a dediyinə görə, nəqliyyat-kommunikasiya sahəsində fəaliyyət göstərən dövlət qurumlarının vahid idarəetməyə verilməsində bir neçə amil rol oynayır:

412684235_0_0_963_541_1400x0_80_0_0_6ccac05dcf85be4711a4b1c97fbf9253.jpg

“Birincisi, Azərbaycan İnvestisiya Holdinqi kifayət qədər böyük, həm də müxtəlif istiqamətli fəaliyyətləri özündə birləşdirməklə qarşısına qoyulan məqsədlərə çatılması imkanları məhdudlaşmış qurumdur. Yəni bir-birindən çox fərqli sahələrdə fəaliyyət göstərən müəssisələrə eyni yanaşmanı tətbiq edib hamısına nəzarət etmək və bunda uğur qazanmaq mümkün deyil. Buna görə də müəyyən mənada sahəvi ixtisaslaşmaya ehtiyac yarandı. Dünən AZCON-un yaradılması bu ehtiyacı təmin etmək məqsədi daşıyır. Nəqliyyat və kommunikasiya sahəsində xidmətləri təqdim edən dövlət müəssisələrinin bir çətir altında birləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda Müşahidə Şurası sədrinin məhz eyni istiqamətdə dövlət siyasətini həyata keçirən qurumun rəhbərinin təyin olunması artıq qərar qəbuletmənin intensivliyi, proseslərin idarə olunması və maraqların uzlaşdırılması baxımından indiki şərtlər daxilində daha məqsədəuyğun görünür. Bu, müəyyən mənada həm kommunikasiya, həm nəqliyyat sahəsindəki dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi baxımından inkişafa səbəb ola bilər. Bildiyiniz kimi, ölkənin ciddi problemlərindən biri nəqliyyat problemidir. Xüsusilə Bakı və Abşeron yarımadasında bu sahədə problem daha kəskindir. Burada ayrı-ayrı qurumların müxtəlif maraqlar çərçivəsində siyasət həyata keçirməsi prosesin effektivliyini aşağı salır. Düşünürəm ki, AZCON-un fəaliyyəti nəticəsində müxtəlif nəqliyyat qurumları arasında effektiv əlaqələndirilməsi təmin oluna və nəqliyyat probleminin böyük ölçüdə aradan qaldırılmasına şərait yarana bilər. Metro və dəmiryol xidmətlərinin, dəmiryol və hava nəqliyyatı xidmətlərinin sıx və effektiv əlaqələndirilməsi sərnişin və yükdaşımaların daha səmərəli həyata keçirilməsini təmin edə bilər”.

Ekspertə görə, nəqliyyat-kommunikasiya sahəsindəki qurumların vahid mərkəzdən idarə olunması burada mövcud olan problemlərin aradan qaldırılması baxımından yeni pəncərə açır:

“Adətən, bizim yeni yaradılan qurumların fəaliyyətindən gözləntilərimizlə reallıq çox zaman üst-üstə düşmür. Yəni yuxarıda qeyd etdiyim gözləntilər o zaman reallaşa bilər ki, AZCON həqiqətən keyfiyyətli idarəetməni təmin etsin. Vaxtilə biz Azərbaycan İnvestisiya Holdinqindən də gözləntilərimizi dilə gətirmişdik, amma onların çoxu reallaşmadı. Ümid edirəm ki, konkret sahə üzrə idarəetməni həyata keçirəcək AZCON daha uğurlu nəticələr əldə edəcək, dövlət müəssisələrinin səmərəli idarə edilməsi baxımından sahəsində mühüm müsbət təcrübənin əsasını qoyacaq”.

Dünya SAKİT,
Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr