Azərbaycan son illərdə mühüm tarixi günlərini Zəfərlə qeyd edir. Bildiyimiz kimi 27 sentyabr 2020-ci il-xalqımızın rəşadət günü, tarix boyu torpaqlarımıza göz dikən,fürsət düşdükcə havadarlarından dəstək alıb torpaqlarımıza qəsd edən mənfur varlıqlara qarşı çıxdığımız,səbr kasamızın daşdığı gündür. Bu gün Azərbaycan tarixində dönüş günüdür.Azərbaycan Silahlı Qüvvələrinin “Dəmir Yumruq” altında düşmənlərimizin başını əzdiyi gündür.Hələ 2016-cı ilin Aprel döyüşləri zamanı Ali Baş Komandan Ermənistana xəbərdarlıq göndərmişdir – “Özünü növbəti dəfə biyabır edən Ermənistan siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”. Amma düşmən yenə dinc durmadı,2020-ci il 12 iyulda Tovuz rayonu istiqamətində hücuma keçdi.Hücumun qarşısını alarkən Azərbaycan ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev kimi igidlərimiz qəhrəmancasına şəhid oldu. Artıq müharibə qaçılmaz oldu,düşmən bizə başqa yol qoymamışdı.Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” cümləsi 44 günlük Vətən müharibəsinin devizinə çevrilmişdir. Rəşadətli ordumuz hər qarış torpağımızı düşmən tapdağından təmizləyərkən qələbəni məhz bu cümlə ilə tamamladı.Bu müharibə dövlətçilik tariximizin ən şərəfli səhifəsidir. “Dəmir Yumruq” adını alan İkinci Qarabağ müharibəsi 200 ildən çox bir müddət ərzində yığılıb qalan ağrı-acılarımıza son qoydu.
Bununla yanaşı 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda erməni seperatçılarına qarşı həyata keçirilən antiterror tədbirləri bir daha Azərbaycan dövlətinin və xalqının qüdrətini, güclü iradəsini sübuta yetirdi. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin olundu. Bu gün biz hər birimiz 20 sentyabr Suverenlik Gününü Xankəndidə,Xocavənddə, Xocalıda, Şuşada bir sözlə bütöv Azərbaycan ərazisində qürurla qeyd edirik.
Zəfər Günün mübarək Azərbaycan.
İlham Məmmədov
Milli Məclisin deputatı