AZ

8 noyabr düşmən üzərində tarixi qələbə, haqqın, ədalətin təntənəsidir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“8 noyabr tariximizə, taleyimizə qızıl hərflərlə yazılan gündür.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, bu gün əsrlərlə yad ediləcək, xatırlanacaq, qürur doğuracaq və nəsillərə nümunə göstəriləcək gündür.

“Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarının, arzu və istəklərinin həqiqətə qovuşduğu gündür. Ölməz rəhbərimiz bu günün gələcəyinə inanırdı və bildirirdi ki, biz torpaqlarımızı erməni faşistlərindən azad edəcəyik, insanlar öz ata-baba yurdlarına qayıdacaqlar. 8 noyabr düşmən üzərində tarixi qələbə, haqqın, ədalətin təntənəsidir. Ədalətsiz dünyaya Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin, cəsarətli ordumuzun, qəhrəman xalqımızın öz qətiyyətini, iradəsini, siyasətini təsdiq etdirdiyi gündür. Bu gün nəinki Azərbaycan xalqının, Türk dünyasının həsrətinə, ağrı-acısına məlhəm qoyulduğu tarixdir. Çünki Azərbaycan Prezidenti, xalqımız 44 günlük müharibədə tək Ermənistanla müharibə aparmadı, erməni təcavüzkarlarını müdafiə edən dünya ölkələrinə, ikiüzlü siyasətçilərə, saxta parlamentlərə qarşı vuruşdu və qalib gəldi. Bu qalibiyyət əzmi bu gün işğaldan azad olunmuş ərazilərdə davam edir. Dağıdılan, viran edilən şəhər və kəndlərimiz qurulur, tikilir və bərpa edilir. Azərbaycan özünün sülh çağırışları, demokratik bəyənatları ilə ölkədə keçirilən beynəlxalq tədbirlərlə dünyanın diqqət mərkəzindədir cənab İlham Əliyev bəşəriyyətə azad, demokratik bir Azərbaycan təqdim edir. Bu, 8 noyabrın doğurduğu əhval-ruhiyyə, qələbə əzmi, dünyanın sülhsevər xalqlarına hörmət və ehtiramdır. Yolumuz uğurludur və bundan sonra daha uğurlu olacaq. Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edirəm”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev
Seçilən
23
sia.az

1Mənbələr