ABŞ seçkilərində Respublikaçılar Partiyasının namizədini dəstəkləyən kiçik Robert Kennedi ölkənin 47-ci prezidenti seçilən Donald Trampın, aralarındakı dialoqda ABŞ-ın Suriyadakı hərbi varlığı ilə bağlı narahatlıqlarını bölüşdüyünü bildirib.
"Keçən gün prezident Trampla təyyarədə idim və biz Yaxın Şərqdən danışırdıq. Tramp bir kağız parçası götürdü və bütün region ölkələrini əhatə edən Yaxın Şərqin xəritəsini çəkdi, bir çox amerikalılar bunu edə bilməz. O, hər bir ölkədə olan qüvvələrinin gücünü də qeyd etdi. Xüsusən də Suriya ilə Türkiyə arasında sərhəddə baxdı: “Suriya-Türkiyə sərhədində 500 əsgərimiz var. Regionda bir də bombalanan düşərgə var”.
Tramp “Türkiyədə 750 min əsgər var, Suriyada isə 250 min əsgər var, onlar bir-birimizlə toqquşsa, biz ortada qalacağıq” dedi. Sonra generallarından soruşdu ki, bu 500 nəfərin taleyi nə olacaq. Onlar da istəməsələr belə, 500 əsgərin ölə biləcəyini dedilər. Tramp da "onları oradan çıxarın" dedi" – deyə amerikalı jurnalist Taker Karlsonla müsahibəsində Kennedi bildirib.
ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu və eynilə qardaşı kimi qətlə yetirilən senator Robert Kennedinin oğlu kiçik Robert Kennedi prezident seçkilərində müstəqil namizəd kimi iştirak edib. Daha sonra isə Trampın xeyrinə seçkidən çəkildiyini açıqlayıb.
TAHİR