AZ

“Üçlük”də dəyişiklik – “Araz-Naxçıvan” fərqi artırdı

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış oyunda “Zirə”ni səfərdə məğlub edib – 1:0.

Elmar Baxşıyevin yetirmələri bununla da xallarını 27-ə çatdırıb və turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Komanda lider “Qarabağ”dan bir xal geri qalır, üçüncü “Turan Tovuz”u isə iki xal qabaqlayır.

Avrokuboklara vəsiqə uğrunda əsas iddialılardan olan “Araz-Naxçıvan” intizamlı oyunu ilə seçilir. Komandanın 12 turda cəmi bir dəfə məğlub olması işlərin düzgün getdiyinə işarədir. Yeganə məğlubiyyətini “Qarabağ”dan alan naxçıvanlılar tempi saxlaya bilsə, mükafatçılar sürəsinə düşməyə əsas namizəd olacaq.

Premyer Liqada 12 tur arxada qalıb və irəlidə uzun müddət var. Buna baxmayaraq, “Araz-Naxçıvan” “Zirə”, “Sabah” kimi komandalarla böyük fərq yaradıb. Pis mövsüm keçirən “Neftçi” ilə də fərq kifayət qədərdir – 18.

“Zirə” isə avrokuboklar yolundakı əsas rəqiblərindən birinə vacib görüşdə məğlub oldu. “Qartallar” birinci hissəsini daha yaxşı oynadığı oyunda fasilədən sonra üstünlüyü rəqibinə verdi. “Araz-Naxçıvan” topa nəzarəti artırıb, sürətli hücumlarla rəqib müdafiəsini yarmağı bacarırdı. Standart vəziyyətdən vurulan qoldan sonra da hesabı artırmaq şansları yaxalayan naxçıvanlılar imkanları boşa verdi.

“Araz-Naxçıvan” növbəti turda “Sumqayıt”ı qəbul edəcək, “Zirə” isə çətin “Qarabağ” səfərinə yollanacaq.

Kamil Əhməd

Seçilən
18
futbolpress.az

1Mənbələr