AZ

Səfir: Minsk Qrupunun qərbli vasitəçiləri sərhədlərimizin dəyişdirilməsini qarşılarına məqsəd qoymuşdular

Minsk Qrupunun qərbli vasitəçiləri Azərbaycanın sərhədlərinin dəyişdirilməsini qarşılarına məqsəd qoymuşdular.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev 8 noyabr-Zəfər Gününə həsr olunan təntənəli qəbulda çıxışında bildirib.

O, Azərbaycanın danışıqlar yolunu sona qədər keçdiyini, ölkəmizin mövqeyinin beynəlxalq hüquq normalarına əsaslandığını söyləyib.

"ATƏT-in Minsk Qrupunun qərbli vasitəçiləri Azərbaycan Respublikasının suverenliyinin bərpasını və Azərbaycan ərazilərinin işğaldan azad edilməsini deyil, sərhədlərimizin dəyişdirilməsini qarşılarına məqsəd qoymuşdular. Mən bunu xüsusilə Fransada işləyəndə aydın başa düşdüm. Minsk qrupunun fransalı həmsədri ilə sonuncu görüşüm zamanı mənə bildirdilər ki, Minsk qrupunun gündəliyində Azərbaycanın suverenliyinin və sərhədlərinin bərpası kimi məsələ yoxdur. Açıq şəkildə vurğulayırdılar ki, dünya dəyişib, region dəyişib, biz öz məğlubiyyətimizi etiraf etməliyik, Cənubi Qafqazda yeni sərhədlərin formalaşdırılması zərurətindən çıxış etməliyik”, - deyə diplomat vurğulayıb.

Səfirin sözlərinə görə, Fransa diplomatiyasının həmin mərhələdə təklif etdiyi bu gün regionumuzda həyata keçirilir. Regionda Avropa İttifaqının, əslində NATO-nun missiyası fəaliyyət göstərir. Əsas vəzifə regionun aparıcı dövlətlərinin - Rusiya, Türkiyə və İranın qovşağında yarı müstəqil Dağlıq Qarabağ qurumunun yaradılması idi. Bu tapşırıqlar o mərhələdə qoyulmuşdu və bu, Azərbaycan üçün böyük təhlükə idi”.

R.Musatafayev qeyd edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə çaldıqdan sonra münaqişə öz həllini tapsa da, postmünaqişə dövrün problemləri - işğaldan azad edilmiş ərazilərin bərpası və minalardan təmizlənməsi, itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi, Sovet Ermənistanı ərazisindən qovulmuş azərbaycanlıların problemi hələ də qalmaqdadır.

Səfir bildirib ki, bu gün əsas mövzu Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması məsələsidir: "Biz erməni qonşularımızla böyük iş görmüşük, sülh müqaviləsinin bir çox müddəaları razılaşdırılıb. Amma əsas məsələlər nozamlanmamış qalır. Bu, Ermənistan Konstitusiyasında və onun bir sıra normativ sənədlərində Azərbaycanın suverenliyinə bilavasitə aid olan müddəaların olması faktıdır. Orada Qarabağla bağlı yazılan mövqelər bizim üçün qətiyyən qəbuledilməzdir. Biz finişə çatmaq və sülh müqaviləsini imzalamaq üçün bu sənədlərə dəyişiklik təklif və tələb etmişik. Bu prosesdə Rusiya ilə müttəfiq münasibətlərimizin böyük rolu var”.

Seçilən
23
apa.az

1Mənbələr