AZ

Kris Vud və Nuno Espirito Santo – Oktyabrın ən yaxşıları

“Nottingem Forest”in hücumçusu Kris Vud İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

32 yaşlı forvard oktyabr ayında İngiltərə çempionatında 3 oyunda iştirak edib. O, bu oyunlarda 4 qola imza atıb.

Kris bu mövsüm Premyer Liqada ayın ən yaxşısı seçilən ilk “Nottingem Forest” futbolçusudur. Avqust ayında “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland, sentyabrda isə “Çelsi”nin ingilis hücumameyilli yarımmüdafiəçisi Koul Palmer ən yaxşı elan edilmişdi.

Qeyd edək ki, Kris Vud ötən ildən “Nottingem Forest”də oynayır. O, bu komandanın heyətində indiyə qədər 52 oyuna çıxıb, 24 qol və 1 assistlə yadda qalıb.

Yeri gəlmişkən, İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı məşqçisi də “Nottingem Forest”li olub. Ötən ayın ən yaxşı baş məşqçisi Nuno Espirito Santo seçilib. Onun rəhbərlik etdiyi Nottingemşır təmsilçisi oktyabrda 3 oyuna çıxıb, 2 qələbə qazanıb, 1 heç-heçə edib.

Xatırladaq ki, avqust ayında Premyer Liqanın ən yaxşı məşqçisi “Brayton”u çalışdıran Fabian Hürtseler seçilmişdi. Sentyabrda isə bu ada “Çelsi”yə rəhbərlik edən Entso Mareska layiq görülmüşdü.

Nuno Espirito Santo 2023-cü ilin dekabr ayından “Nottingem Forest”i çalışdırır. Portuqaliyadan olan 50 yaşlı mütəxəssis bu komandanı indiyə qədər 35 oyuna çıxarıb, 11 qələbə, 10 heç-heçə, 14 məğlubiyyət görüb.

Qeyd edək ki, “Nottingem Forest” İngiltərə Premyer Liqasının cari mövsümünün turnir cədvəlində 19 xalla 3-cü pillədə qərarlaşıb. Yarış cədvəlinə 25 xalı olan “Liverpul” liderlik edir. 2-ci yerdə isə son çempion “Mançester Siti” (23 xal) qərarlaşıb.

Seçilən
39
arena.az

1Mənbələr