AZ

Vətən müharibəsinin 44-cü günü: Savaş başa çatır

2020-ci il noyabrın 9-u, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin qırx dördüncü günü.

hakimiyyet.az xatırladır ki, noyabrın 8-i gün ərzində və 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutur.

Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edir. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulur. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilir.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, bir ədəd "T-72" tankı, bir ədəd "D-30" topu, bir minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili məhv edilir və sıradan çıxarılır.

Noyabrın 8-dən 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin 10-cu dağ-atıcı diviziyasının Tərtər rayonunun Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Bölmələrimiz tərəfindən həmin atəş nöqtəsindəki minaatan və heyəti dəqiq zərbə ilə məhv edilir.

Bölmələrimiz tərəfindən Tonaşen məntəqəsi yaxınlığındakı düşmənin bir ədəd "T-72" tankı və cəbhənin Xocavənd istiqamətində hərəkət edən şəxsi heyəti də sərrast atəşlə məhv edilir.

Azğın düşmən cəbhədə əsgərlərimiz, Qərbin təxribatçı həmlələri isə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən dəf olunur. "BBC News"a müsahibəsində Prezident bütün qərəzləri ifşa edir, ölkənin gələcəyi ilə bağlı fikirlərini bölüşür:

"Mən hesab edirəm ki, ölkəmizin gələcəyi çox parlaq olacaq. Biz son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. İnsanlar, ilk növbədə, öz dədə-baba torpaqlarına qayıdacaqlar, öz yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər. Azərbaycan dövləti mütləq bu işlərdə onlara maksimum kömək göstərəcək. Biz işğaldan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq".

Şuşa istiqamətində isə düşmənin mühasirəyə alınan qüvvələrinin məhv edilməsi əməliyyatı davam edir.

Noyabrın 9-da Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin bir tankı və bir PDM-i zərbə PUA-ları ilə məhv edilir.

Ordumuzun cəbhədə sıraladığı qələbələri Prezident İlham Əliyev "X" sosial şəbəkəsində paylaşır:

"Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx,

Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Cəbhənin Xocavənd istiqamətində Ordumuzun düşmənin mövqelərinə və canlı qüvvəsinə atəşlə zərər vurması davam edir. Düşmənin səngərləri və sığınacaqları artilleriya zərbəsi ilə dağıdılır.

Saat 15:50-də cəbhənin Xocavənd istiqamətində düşmən tərəfindən fərdi yaşayış evlərinin arasında yerləşdirilmiş və aviasiya vasitələrimizə qarşı tətbiq olunan "Tor-M2KM" zenit-raket kompleksi (ZRK), həmçinin "OSA" zenit-raket kompleksi (ZRK) bölmələrimizin dəqiq atəşi ilə məhv edilir.

Növbəti müjdələr yenə də Prezidentin "X" səhifəsində yer alır:

"Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı,

Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq,

Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli,

Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Axşam saatlarında cəbhənin Xocavənd istiqamətində düşmənin canlı qüvvəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilir.

Noyabrın 10-na keçən gecə Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzalayırlar. Bununla bağlı Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edir:

Vətən müharibəsinin 44-cü günü: Savaş başa çatır

Vətən müharibəsinin 44-cü günü: Savaş başa çatır

Beləliklə, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün sonra, noyabrın 9-da Azərbaycanın şanlı Zəfəri ilə başa çatır.

Seçilən
35
47
hakimiyyet.az

10Mənbələr