Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, avtoqəzada həlak olan hərbçiyə şəhid statusunun verilməsi qanunvericiliyə uyğun deyil.
Bəs hansı halllarda həyatını itirən hərbi qulluqçulara şəhid statusu verilir?
Modern.az mövzu ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.
Qurumun İctimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, döyüş təminatı və döyüş tapşırığını yerinə yetirən zaman hərbi qulluqçulara şəhid statusu verilir:
“Bu hal Azərbaycan Respublikasının qanunvericiliyində də öz əksini tapıb”.
Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixli 697 nömrəli Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən aşağıdakılar şəhid hesab edilirlər:
• 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar;
• 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər;
• Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar;
• Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar;
• Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular;
• Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;
• Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular”.
P.Sədrəddinov qeyd edib ki, eyni zamanda hərbi qulluqçunun döyüş tapşırığını yetirən zaman həlak olması ilə bağlı hərbi hissə tərəfindən arayış təqdim olunduqda həmin qulluqçuya şəhid adı verilir.