Bilbao “Atletik”inin ispaniyalı cinah hücumçusu Niko Uilyams yayda “Barselona”ya keçidi ehtimalı haqda söhbəti xatırlayıb.
Arena.az bildirib ki, “Barselona”nın bəzi futbolçuları yayda onu cani-dildən “blauqrana”nın düşərgəsinə səsləyiblər.
Uilyams isə bu bəzi futbolçuları “qardaşyana” təsviri ilə “bəzəyib”:
“Çətin idi. Üstəlik, o “Barsa” “uşaqları” – Lamin Yamal, Balde və başqaları vəziyyəti lap bərbad hala salırdılar. Onlar bir ucdan mənə yazdılar: “Qardaş, haydı gəl, durma gəl, keç”, – ESPN şəbəkəsi “La Revuelta” dərgisinə istinadən, Uilyamsdan sitat gətirir.
Niko Uilyams Bilbao “Atletik”inin futbol akademiyasının yetirməsidir. Hücumçu 2021-ci ilin iyulundan əsas komandada çıxış edir. Uilyamsın Bilbao klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Uilyams “Atletik” üçün 14 oyun keçirib, 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Uilyamsın “Atletik”dəki karyerası ümumilikdə 136 oyun, 22 qol və 28 məhsuldar ötürmədən ibarətdir.
Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 22 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib. Gənc hücumçu İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
Niko Uilyamsın qənimətlər muzeyində 2023/2024-cü illər mövsümündə “Atletik”lə qazandığı İspaniya Kral Kuboku da var.
“Transfermarkt” internet portalı 22 yaşlı ispaniyalı sol cinah hücumçusunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.