AZ

Trampın ikinci müddət üçün kabineti - Əsas rolları kimlər tuta bilər?

ABŞ-ın seçilmiş prezidenti Donald Trampın administrasiyada əsas vəzifələrə namizədlərin yoxlanılmasına artıq başlayıb.

Turkustan.az xəbər verir ki, "The Hill" nəşrinin yazdığına görə, bu prosesdə Trampa və onun ölkəyə dair baxışlarına sadiqlik əsas meyar kimi nəzərə alınacaq.

Seçilmiş prezident və komandası bir neçə yaxın müttəfiqi müəyyən ediblər: Onların bir qisminin nazirliklərdə vəzifə tutması, digərlərinin isə Ağ Evdə təyinat alması gözlənilir.

Trampın komandasının əsas vəzifələrdə yer alması gözlənilən bəzi şəxslər:

* İlon Mask Trampın qeyri-rəsmi məsləhətçisi olmağa hazırlaşır, lakin o, rəsmi bir vəzifə də tuta bilər. Bununla yanaşı, Mask artıq ABŞ hökumətində çalışması üçün Trampa bir neçə "SpaceX" əməkdaşını tövsiyə edib.

* ABŞ dövlət katibi vəzifəsinə əsas namizəd kimi senator Marko Rubio göstərilir. 2014-cü ildə Krımın ilhaqı və Donbasda hərbi əməliyyatların başlanmasından sonra Rubio Rusiyaya maksimum sərt sanksiyalar tətbiq etməyə çağırmışdı. O, Senatın xarici əlaqələr komitəsində çalışıb və Senatın kəşfiyyat komitəsində baş respublikaçı olub.

* Donald Trampın baş məsləhətçisi immiqrasiya məsələlərinə görə məsul olacaq Stiven Miller təyin ediləcək. ABŞ prezidentliyinə keçmiş namizəd Robert Kennedi isə Trampın kabinetində tibb və səhiyyə sahələri ilə bağlı vəzifəyə təyin olunmağa hazırlaşır.

* Trampın Şimali Dakota qubernatoru Duq Burqumu energetika departamentinə rəhbərlik üçün seçməsi gözlənilir. Tramp əvvəlki mitinqlərində Burqumun "enerji haqqında tanıdığı hər kəsdən çox bildiyini" qeyd edib. Tramp Burquma vitse-prezident seçmədiyini bildirdikdə ona telefonla "cənab katib" deyə müraciət etmişdi.

* Birinci prezidentlik dövründə Trampın Yaponiyadakı səfiri olan Bill Haqerti yeni administrasiyada Xəzinədarlıq və ya Ticarət Departamentinə rəhbərlik edə bilər. Haqerti əvvəllər Corc Buş administrasiyasında iqtisadi məsləhətçi və Tennessi ştatında yüksək vəzifəli iqtisadi rəsm kimi çalışıb.

* Trampın keçmiş milli təhlükəsizlik müşaviri Robert O'Brayen Dövlət Departamentinə rəhbərlik və ya milli təhlükəsizlik qrupunda yüksək vəzifəyə təyin oluna bilər.

* Orduda xidmət keçmiş Mayk Valtz Tramp administrasiyasında çalışmaq istəyini açıq şəkildə bildirib. O, müdafiə naziri və ya Veteranlar İşləri Departamentinə rəhbər vəzifələrindən birinə namizəd ola bilər.

* Almaniyadakı səfir və kəşfiyyat direktoru vəzifələrini müvəqqəti icra etmiş Riçard Qrenell Dövlət Departamentinə rəhbərlik edə biləcək əsas namizədlərdən biri hesab olunur. O, Ukrayna prezidenti Volodimir Zelenski ilə Trampın son görüşündə iştirak edib və seçki kampaniyasında fəal rol oynayıb.

* Hazırkı namizədlər arasında xəzinədarlıq katibi vəzifəsinə namizəd olan Con Polson Trampın üç seçki kampaniyasına maddi dəstək verən hedc-fond meneceridir. Bu, administrasiyanın iqtisadiyyat üzrə ən yüksək vəzifəsidir. Trampın birinci dönəmində bu vəzifəni Stiven Mnuçin tutmuşdu.

* Trampın və müttəfiqlərinin rəğbət bəslədiyi Erik Şmitt baş prokuror vəzifəsinə namizəd ola bilər. Şmitt Missuri ştatında baş prokuror vəzifəsində çalışıb və iyun ayında Trampın Co Baydenlə debatı öncəsi ona hazırlıqda kömək edib.

Bundan əvvəl Donald Tramp bildirib ki, onun seçki kampaniyasının rəhbəri Syuzi Vaylz Ağ Evin aparat rəhbəri təyin ediləcək.

"Syuzi Vaylz mənə Amerika tarixində ən böyük siyasi qələbələrdən birinə nail olmağımda kömək etdi. O, mənim 2016 və 2020-ci illərdəki uğurlu kampaniyalarımın ayrılmaz hissəsi olub", deyə Trampın bəyanatında qeyd olunub.

Onun sözlərinə görə, Syuzi güclü, ağıllı və innovativ bir mütəxəssisdir, ona hörmət edir və heyran qalırlar./qaynarinfo.az/

Seçilən
36
35
turkustan.az

10Mənbələr