AZ

Dünyanın ən uca bayrağı

Zəfər günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın ən böyük bayrağını yenidən Bakı bulvarındakı tarixi məkanda - Dövlət Bayrağı meydanında ucaltdı.

Bayrağın ucaldığı məkanda əsaslı abadlıq işləri görülüb. Meydan tamamilə işıqlandırılıb. Əraziyə 52 işıq dirəyi basdırılıb, 102 ədəd Phillips istehsalı olan lampa yerləşdirilib. Meydanda həmçinin yaşıllıq və landşaft işləri də görülüb. 4500 kvadrat metrlik sahəyə qazon döşənib. Xüsusi dizayn olunmuş yerlərə 54 min müxtəlif kol və çiçək əkilib.

Bayraq meydanının təməli 2007-ci il dekabrın 30-da qoyulub. Üç il sonra 2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
 
O zaman 20000 m² ərazisi olan meydanda ucaldılan dayağın hündürlüyü 162 metr olub. 220 tonluq qurğu üzərində ucaldılan bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqram idi. Bayraq ucaldılan kimi Ginnesin rekordlar kitabına salınıb.
 
2017-ci ildə Dövlət Bayrağı Meydanı təmirə bağlanıb. 2024-cü ilin may ayından Bakıda dünyanın ən hündür bayraq dirək platforması quraşdırılmağa başlayıb. Dirəyin ümumi hündürlüyü 191 metrdir.
 
Ginnes Dünya Rekordları Təşkilatının ən böyük bayraq kimi təsdiqlədiyi yeni bayrağın eni 36 metr, uzunluğu 72 metrdir. Bayrağın ümumi çəkisi 500 kiloqramdan artıqdır.
 
Şəhər sakinləri üçün əsl ziyarət məkanı sayılan Bayraq meydanı həm də gəzinti-istirahət kompleksi kimi fəaliyyət göstərəcək. Uca bayrağımız, heç şübhəsiz, Bakının qonaqlarını da valeh edəcək.

 

Seçilən
35
xalqqazeti.az

1Mənbələr