ABŞ prezident seçkilərində qalib gələn Donald Trampa yaxınlığı ilə tanınan milyarder iş adamı İlon Maskın Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığına qatıldığı bildirilib.
Sherg.az xəbər verir ki, Amerikanın CNN kanalında danışıqlar haqqında məlumatı olan adı açıqlanmayan mənbəyə görə, Mask Tramp və Zelenski arasında telefon danışığında iştirak edib.
Qeyd olunur ki, seçki kampaniyası zamanı prezident olacağı təqdirdə Rusiya-Ukrayna müharibəsinə son qoyacağını vəd edən Trampın noyabrın 6-da Zelenski ilə dialoqu regionda hadisələrin gedişi üçün mühüm əhəmiyyət kəsb edib.
Starlink peykləri ilə Ukraynanı internetlə təmin edən Maskın Rusiya-Ukrayna müharibəsi kontekstində bölgədəki prosesləri yaxından izlədiyi bildirilir.
Ukrayna prezidenti Zelenski X hesabında dialoqla bağlı paylaşımında, "Onun böyük kampaniyası bu nəticəni mümkün etdi. Mən onun ailəsini və komandasını böyük işlərinə görə qiymətləndirirəm" deyib.
Zelenski iki ölkə arasında sıx dialoqu davam etdirmək və əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəldiklərini bildirib və “ABŞ-ın güclü və sarsılmaz rəhbərliyinin dünya və ədalətli sülh üçün həyati əhəmiyyət kəsb etdiyini” vurğulayıb.
Seçki kampaniyası zamanı milyonlarla dollar ianə edərək Trampa açıq dəstək verən Maskın yeni kabinetdə çalışa biləcəyi iddia edilib.