AZ

Amin Adli “Bayer”lə yeni müqaviləyə imza atdı

Futbol üzrə Mərakeş yığma komandasının və “Bayer”in sol vingeri Amin Adli Almaniya klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Yeni müqaviləyə əsasən, 24 yaşlı hücumçu 2028-ci ilə qədər leverkuzenlilərin şərəfini qoruyacaq. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2026-cı ilin 30 iyununa qədər idi.

Amin Adli peşəkar karyerasına Fransanın “Tuluza” komandasında başlayıb. O, vaxtilə bu klubun əsas komandasında 43 oyuna çıxıb, 8 qol və 8 assistlə yadda qalıb.

“Bayer” Amin Adlini 2021-ci ilin avqust ayında 7,5 milyon avro müqabilində məhz “Tuluza”dan transfer edib. O, cari mövsümdə bu komandanın heyətində 12 oyunda meydana çıxıb və qol vura bilməyib. Adlinin “Bayer”in heyətindəki ümumi göstəriciləri isə belədir – 126 oyun, 21 qol və 22 məhsuldar ötürmə.

Amin Adli vaxtilə Fransanın U-18 və U-21 yığmalarında forma geyinsə də, 2023-cü ilin sentyabrından Mərakeş millisinin şərəfini qoruyur. O, indiyə qədər bu yığmanın heyətində 14 oyuna çıxıb, 1 qol vurub, 2 assist edib.

“Transfermarkt” internet-portalı 24 yaşlı vingerin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
34
arena.az

1Mənbələr