AZ

Deputat: Azərbaycanın Zəfəri ilə regionda yaratdığı reallıqları bəzi xarici güclər qəbul etmək istəmir

Azərbaycanın Zəfəri ilə regionda yaratdığı reallıqları bəzi xarici güclər qəbul etmək istəmir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, bu günlər Azərbaycan xalqı 2020-ci ildə əldə etdiyimiz tarixi zəfərin 4-cü ildönümünü qeyd edir: “Düz 4 il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində tarixi qələbə qazandı. Azərbaycan bu zəfəri ilə həm torpaqlarının Ermənistan tərəfindən işğalına son qoydu, həm də regionda yeni reallıqlar yaratdı. Bəzi xarici güclər hələ də bu reallıqları qəbul etmək istəmirlər. Prezident İlham Əliyevin Zəfər Gününün 4-cü ildönümündəki nitqində bəyan etdiyi kimi, Azərbaycanın qələbəsini həzm etməyən həmin qüvvələr Ermənistanda revanşizmi alovlandırır və onu yeni müharibəyə hazırlayırlar".

Vüqar İskəndərov bu prosesdə canfəşanlıq edən qüvvələrin isə Fransa və ABŞ, konkret desək, ABŞ-nin Bayden admnstirasiyası olduğunu bəyan edib: "Kimsəyə sirr deyil ki, Ermənistanın silahlanmasının arxasında bilavasitə Fransa durur. Fransa bu məsələdə tək deyil, ABŞ və Bayden administrasiyası ilə birlikdə addım atır. Prezidentin də bəyan etdiyi kimi Ermənistanla Azərbaycan arasında sülhə çağırış edənlər 30 illik işğalı, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsini, Azərbaycan xalqının maddi-mədəni sərvətlərinin talan edilməsini nəzərə almırlar və bunu ümumiyyətlə unutdurmağa çalışırlar. Bu azmış kimi onlar Ermənistanı silahlandırırlar. Bu isə həmin qüvvələrin öz ikiüzlü siyasətindən əl çəkmədiklərini bir daha təsdiq edir. Süni şəkildə Ermənistanı sülh tərəfdarı, Paşinyanı demokrat kimi beynəlxalq ictimai rəydə təqdim etmək istəyən bəlli qüvvələrin bu cəhdləri isə iflasa məhkumdur".

Deputat deyib ki, Azərbaycanı hədəfə götürənlər bilməlidir ki, Azərbaycanı təzyiq yolu ilə heç nəyə məcbur edə bilməyəcəklər: “Lazım gələndə Azərbaycan yenə də Ermənistana layiqli cavab verməyə və bütün oyunları pozmağa hazırdır. Bunu hər kəs, o cümlədən baydenlər də, makronlar da yaxşı bilsinlər".

Seçilən
29
apa.az

1Mənbələr