AZ

Bayraq – müstəqilliyimizin simvoludur - Fazil Mustafa

Yazını böyüt
Yazını kiçilt

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Bayrağın Zəfərlə dalğalanması əzəmətini, möhtəşəmliyini ikiqat artıracaq. Dövlətin varlığını, gücünü, müstəqilliyini öz çətiri altında qoruyan Bayrağımızmilləti irəliyə apan böyük gücə sahibdir. Müsahibimiz Milli Məclisin deputatı Fazil Mustafadır:

- 9 Noyabr – Bayraq Günüdür. Bayrağın sehri nədədir?

- 9 Noyabr – Azərbaycan xalqı üçün ən dəyərli günlərdən biridir. Bayraq dövlətin varlığının simvolu, atributu deməkdir. Bayrağın eyni zamanda böyük mənəvi yükü var. O, müstəqilliyin simvolu olan bir dəyərdir. Ona görə də bayrağı yüksəklərə ucaltmaq, bayrağı evlərin ən görkəmli yerlərindən asmaq, yaxud harada görürüksə onunla qürur hissi duymaq, həm də bir ölkənin, bir xalqın müstəqilliyi ilə qürur duyması deməkdir. Azərbaycan xalqı Bayrağa ehtiramını, sevgisini çox böyük hərarətlə nümayiş etdirir.

Biz 44 günlük savaşda gördük ki, Bayrağımız hər bir  guşəyə sancıldı. Bizim ləyaqətli, dəyərli hərbçilərimiz Bayrağın qarşısında ölkə Prezidentinə hesabat verdilər. Bu onu göstərir ki, məhz bayrağın asıldığı yerlər sənin vətən torpağındır və o bayraq həmin yerlərin kimliyini ifadə edən simvoludur. İndiyə qədər bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi. Bayrağın sehri insanlarda müstəqilliyə aid gözəl duyğuları oyatması ilə bağlıdır.

- Bayraq dövlətin varlığının möhürüdürsə, onu güclü edən, yüksəklərdə tutan, sevdirən nədir?

- Bayraq həqiqətən də bir mayakdır. İstənilən  yerdə ucalan Azərbaycan Bayrağını uzaqdan görəndə insan ayrı duyğular keçirir və sən o bayrağa doğru yürümək istəyirsən. Bayrağa doğru yürüş, həm də bir millətin azadlığa, özünü isbat etməyə, tərəqqiyə doğru irəliləməsidir. Bu, sadə bir atribut deyil, bu, milli, mənəvi, psixoloji enerji gücü daşıyan və onu var olduğu məkanda bütün insanlara ötürə bilən sehrli bir nəsnədir. Bayrağa doğru irəliləməyimiz eyni zamanda bir insanın məsuliyyət daşıdığı və bayrağını qorumaq üçün həyatını qurban verə biləcəyi bir yürüşdür. İnsanlar, xüsusilə də babalarımız bu Bayraq uğrunda uzun illər mübarizə aparıblar və sonrakı nəsillər, bizlər mütləq onu qorumalı, ucaltmalıyıq. Azərbaycanın ən böyük şüarı da "bir kərə yüksələn bayaraq, bir daha enməz"dir.  Bu şüar bizi bu bayrağı endirməmək üçün  əlimizdən gələni etməyə həvəsləndirir, layiqli vətəndaş olmaq üçün ona doğru yönəldir.

- Azərbaycan Bayrağının əvvəlki illərlə müqayisədə kənd və şəhərlərdə daha çox görünməsi bizə nəyi anlatmış oldu?

- Müstəqillik dövründən sonra bayrağa münasibət təbii ki, fərqli olub. 44 günlük savaşda əldə olunan qələbədən sonra artıq Bayraq sevgisi bütün hər yanı bürüdü. Şəhidlərin məzarı üstündə, Şəhid tabutuna bürünən Bayraq Vətənin, azadlığına qovuşan torpağın bir parçası olaraq bu savaşda hər yerdə, hər kəsdən öndə dayandı. Şəhid ailələrinə verilən o Bayraq canı bahasına qoruduğu bir əmanət kimi anası, bacısı, qardaşı, övladı, yoldaşı tərəfindən öpülərək gözlərinin üstünə qoyulur. O an bayrağın  dəyəri, əhəmiyyəti daha çox anlaşılmağa başladı. Bu 44 günlük savaşın yazdığı tarixi həm də bayrağa olan sevginun artdığı tarix kimi də görürük. İndi bütün kəndlərimizdə bir şəhid məzarı var, bir şəhid  ruhunu daşıyan xatirə var və bayrağımız hər yanda dalğalanır. Əksər kənd və şəhərlərimizdə Bayraq meydanları var. Bu, özü də bayrağa verdiyimiz dəyərin bir nümunəsidir. Ona görə deyə bilərik ki, məhz 44 günlük müharibədən sonra bayrağın hər yerdə dalğalanması ciddi bir rituala çevrildi ki, bu da sevindiricidir. Bayraq Vətən darda olanda onu birliyə, mübarizəyə, xoş günündə şənlənməyə dəvət edir.

- Bayrağımız nə zamandan bir güc olaraq Azərbaycanı tərənnüm edir?

- Üçrəngli Bayrağımızın məna yükü çox böyükdür. Bu Bayraq 1918-ci il tarixindən görünməyə başladı. Bayraq yaşasın deyə, evlərin zirzəmilərində, daşların altında gizlədildi və bir əmanət olaraq qorundu. Bizim böyüklərimiz onu mühacirətdə qoruya bildilər.

Qarabağda dalğalanan Azərbaycan Bayrağı isə bu bayrağın daha çox tərənnüm etdirilməsini göstərdi. Bayraq həm də beynəlxalq tədbirlərdə Azərbaycanı tərənnüm edən əsas dəyərə çevrildi. Mötəbər idman yarışlarında - Avropa Oyunlarında, İslam Həmrəylik Oyunlarında  və eyni zamanda COP29-da hər yerdə ucalan Azərbaycan bayrağı, həm də Azərbaycan dövlətinin gücünü tərənnüm edir.  Azərbaycan Prezidenti hər dəfə Bayrağın qarşısında dayanaraq çıxış etdikcə bu bayrağın nə qədər möhtəşəm, güclü dövlətin xarakterini ortaya qoyduğunu hamımız hiss edirik.

- Bayraq Günü gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında hansı rola malikdir?

- Əslində, uşaq bağçalarından başlayaraq, orta məktəblərə qədər hər yerdə bayrağın dəyəri xüsusi vurğu ilə anladılır. Hansısa bir məktəbə daxil olanda ilk qarşılaşdığımız tablo bayraqla bağlı lövhələr, məlumalardır. İnsanlar bu tablonu gördüksə öz milli bayraqlarına dəyər verirlər. Hətta Olimpiadalarda qaldırılan Azərbaycan Bayrağına baxıb ağlayan idmançıların hansı hiss, həyəcan keçirdiyini görmək bu bayrağın dəyərini anladır. Həmin idmançının göz yaşı təsadüfi deyil. Bu həm də o bayrağı qaldırmağın qürurunu yaşamaqdır. Azərbaycanda vətənpərvərlik mövzusunun təbliğində bayraq sevgisinin, bayrağı tanıtmağın böyük rolu var.

- Azərbaycan Prezidentinin dövlət bayragına diqqət və sevgisi, işğaldan azad olunan ərazilərimizdə - hər yerdə bayragı öpüb, gözünün üstünə qoyaraq qaldırması nəyi ifadə edir?

- Ölkə Prezidentinin bayrağa verdiyi ən böyük dəyər Bayraq Gününün bayram günü kimi qeyd olunması ilə bağlı verdiyi qərardır. Bu bayram günü Azərbaycanın Zəfər Günündən bir gün sonraya təsadüf etdiyinə görə bayram əhval-ruhiyyəsinə ikiqat dəyər qatır. Əvvəllər nisgilli idik. Bayram günlərinə itirilmiş torpaqların ağrısı, narahatlığı ilə gedirdik. İndi 44 günlük Zəfər savaşından sonra dalğalanan Bayraq, bu günün anlayışı daha fərqlidir, önəmlidir.  İşğaldan azad olunmuş ərazilərdə dövlət bayrağını ucaldan Prezident hər zaman bayrağa nə qədər böyük önəm verdiyini göstərir. Çıxışlarını bayrağın fonunda edir. Bayraq ona harada təqdim edilərsə, öpüb gözünün üstünə qoyur. Şəxsən özü işğaldan azad olunmuş ərazilərin hamısında bir-bir Azərbaycan bayrağını qaldırmaqla həm də millətə bir ruh yüksəkliyi aşılayır. Xankəndidə qaldırdığı Bayraq isə  Azərbaycan insanına əvəzedilməz bir duyğu yaşatdı. 200 illik işğal tarixinə son qoyan və bayrağın dalğalanması ilə düşmənin gözünü qıran addım atdı. Bütün bunlar hamısı yeni nəsli tərbiyə edən, onların ruhunu yüksəkdən davranışlardır.

- Cəmiyyətimizdə bayraga olan münasibət necədir?

- Bayrağa olan münasibət normal sayılmalıdır. Cəmiyyət də bircinsli deyil və hər kəsdən eyni dərəcədə sevgi göstərilməsini tələb etmək mümkün deyil. Bayrağı qoruyan qanunlar var. Digər atriburtlarla birlikdə bayrağa qarşı hər hansı bir hörmətsizlik qəbuledilməzdir. Bayrağın ölçülərinə görə asılması qaydaları var. Bayrağın harada asılması ilə bağlı Konstitusiya qanunu var. Bütün bunlar dövlətin bayrağa nə qədər həssas yanaşdığını, önəm göstərdiyini, dəyər verdiyini göstərir. Digər tərəfdən bu, cəmiyyətin həmin dəyərin qəbul etdiyini ifadə edir. Ona görə də Azərbaycanda Bayraq sevgisi son illər daha yüksələn xətt üzrə gedir. İnsanlar arasında bu Bayrağı ucaltmaq yarışı gedir. Bu da Bayrağa olan sevginin bir nümunəsidir.

Seçilən
40
hafta.az

1Mənbələr