9 noyabr Dövlət Bayrağı Günü xatırlanan şəxslərdən biri də çoxlarının bayraqdar kimi tanıdığı Elman Türkoğludur.
O, 17 Noyabr 1988-ci ildən sonra Azadlıq meydanında Sovet-Rusiya imperiyasına və Qarabağın işğalına qarşı keçirilən milyonluq mitinqlərdə ilk dəfə üçrəngli Azərbaycan bayrağını qaldıranlardan biri kimi tanınıb.
Elman Türkoğlunu sonralar da bir çox aksiyalarda üçrəngli bayraqla görmək olurdu. Son illər isə bayraqdar gözə dəymir. Bəs indi o, haralardadır.
Modern.az-ın əməkdaşı Elman Türkoğlunu axtarıb taparaq, onunla əlaqə saxlayıb.
Məlum olub ki, bayraqdar çoxdandır xəstə yatır, səhhəti pisləşən E.Türkoğlu hazırda evdə müalicə olunmağa çalşır.
“Həyatını xalq, millət üçün yaşamış biri olaraq demək istəyirəm ki, bizim şanlı bayrağımızı ilk dəfə 1988-ci ilin noyabrında Azadlıq meydanında mən qaldırmışam. O bayrağı ilk dəfə tikən hamının tanıyıb hörmət etdiyi rəhmətlik Gültəkin ana olub. Gültəkin ana əvvəlcə aksiyaya 7 bayraq, daha sonra isə 9 bayraq tikib gətirmişdi.
O zaman meydanda qaldırdığım bayraqları indi də evdə saxlayıram. 40 il tamam olanda, onları Tarix muzeyinə verməyi düşünürəm”.
Elman Türkoğlu deyib ki, son illər səhhətindəki ciddi problemlərlə əlaqədar tədbirlərdə və küçə aksiyalarında iştirak edə bilmir:
“Artıq əvvəlki kimi deyiləm, tədbirlərə çağıran olmur. Qısası, daha məni çox yada salan yoxdur”.
Elman Türkoğlu onu heç vaxt unutmayan deputat Aqil Abbasa təşəkkürünü bildirib.
“Aqil bəy hər zaman ağır günlərimdə mənə dəstək olub. Ona hər zaman minnətdar olacam. Hərəkat dövründə birgə olduğumuz bəzi deputatlar var, onların adını çəkmək istəmirəm, amma mənə çox dəstək olublar. KXCP-nin sədri Mirmahmud Mirəlioğlu ilə Aqil Abbasdan isə çox razıyam”.
Müsahibimiz Bakı Metropoliteninin bu yaxınlarda vəfat edən sabiq rəisi Tağı Əhmədova da rəhmət diləyib:
“Mən Tağı Əhmədovun dövründə metrodan pulsuz istifadə etmişəm. Sonra Bakı Metropoliteninin rəhbərliyinə gələn Zaur Hüseynov mənim metrodan pulsuz istfadə etməyimə qadağa qoydu”.
Elman Türoğlu mitinqlərdə hər zaman yanında daşıdığı bayraq ağacını evdə saxladığını bildirib. O, səhhəti ilə bağlı 8 Noyabr - Zəfər Günü yürüşündə iştirak edə bilməməsini təəssüf hissi ilə vurğulayıb.
“Mən çox istəyərdim ki, Zəfər yürüşündə bayraq ağacımla mən də iştirak edim, lakin alınmadı. Səhhətim imkan verdiyi anlarda çalışıram şəhidlərimizin məzarına gedim. Onları ziyarət etmək bizim borcumuzdur.”
Həmsöhbətimiz keçmiş mitinq yoldaşları ilə əlaqəsinin olmadığını bildirib.
“İndi də Klassik Xalq Cəbhəsi Partiyasının üzvüyəm, lakin mitinq yoldaşlarımla əlaqəm yoxdu. 1989-cu ildən indiyə kimi Texniki Universitetin yataqxanasında, ağır şəraitdə yaşayıram. I Qarabağ müharibəsi zamanı qaçqınların və məcburi köçkünlərin bu binaya yerləşdirilməsində böyük rolum olmuşdu. 2017-ci ildə evlə təmin olunmağım üçün yuxarı instansiyalara müraciət etdim. Mənim ərizəmi Yasamal Rayon İcra Hakimiyyətinə göndərdilər. İcra başçısı mənə dedi ki, 2020-ci ildə səni evlə təmin edəcəyik. Ancaq mənə ev vermədilər”.
E.Türkoğlu yeganə övladı Elçibəy Həsənlidən də danışıb. Deyib ki, oğlu işləmək üçün Rusiyaya gedib, onu evləndirməyə isə nə evi, nə də maddi imkanı var.
(Elman Türkoğlunun digər oğlu Məhəmmədəmin Həsənli 2013-cü ildə intihar edərək, 17 yaşında həyatdan köçüb).