AZ

ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılacaq – Üzeyir Cəfərov

Yazını böyüt
Yazını kiçilt

Tanınmış hərbi-siyasi ekspert Üzeyir Cəfərovla hafta.az üçün söhbətimizdə ABŞ-dəki prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qalib gəlməsindən sonra planetdəki hərbi-siyasi proseslərin hansı istiqamətdə dəyişəcəyi, yeni Ağ ev rəhbərinin Yaxın Şərq məsələsi, Rusiyanın Ukraynaya hücumu, həmçinin İsrail-İran münasibətləri ilə bağlı tutacağı mövqe, nəhayət, Trampın söz verdiyi kimi, Azərbaycanla Ermənistan arasında tezliklə sülh sazişinin imzalanmasına nail ola bilib-bilməyəcəyi haqda danışdıq.

–   Üzeyir bəy, ABŞ-dəki seçkilər yekunlaşdı və Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gəldi. Sizcə, bundan sonra planetdəki hərbi-siyasi proseslər hansı istiqamətdə dəyişəcək? Tramp bu günədək daim deyirdi ki, mən Qəzzada da, Ukraynada da savaşı dayandıracağam. Sizcə, o, doğrudan da savaşları heç olmasa, səngitməyə nail ola biləcəkmi?

–   Bəli, nəhayət, Amerikadakı seçkilər başa çatdı və demokrat Cozef Baydenin yerinə prezidentliyə namizədliyini irəli sürmüş Kamala Harris məğlubiyyətlə üzləşdi. Doğrusu, mənim üçün də gözlənilməz oldu. Düşünürdüm, xanım Harris Tramp üzərində qələbə çalacaq. Ona görə ki, Trampla bağlı son vaxtlar Amerika cəmiyyətində mənfi rəy formalaşmışdı. Amma görünən odur ki, Baydenin uğursuz idarəçiliyi, dünyanın ayrı-ayrı nöqtələrində müharibə ocaqları yaranması, xüsusən də Rusiyanın Ukraynaya təcavüzü və İsrailin Qəzzada “HƏMAS”-a və Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatları zamanı baş verən kütləvi insan qətliamları və s. seçicilərin demokratlarla bağlı rəyini dəyişdirdi və nəticədə Harris məğlubiyyətə düçar oldu...

Eyni zamanda onu da vurğulamaq lazımdır ki, son seçkilərdə Trampın qələbəsi onun özünü də bəzi təhlükələrdən xilas etdi. Ona qarşı xeyli cinayət işi qaldırılmışdı və bu onun üçün həbslə də nəticələnə bilərdi... 

Amma mən inanmıram ki, Trampın növbəti hakimiyyəti dövründə Ukraynada, eləcə də Qəzza və Livandakı döyüş əməliyyatları asanlıqla dayanacaq. Savaşın səngiməyi mümkündür, amma tam başa çatacağını düşünmürəm. Trampın Ukrayna ilə bağlı müəyyən tərəddüdləri olsa da, BMT Baş Assambleyasının 79-cu sessiyasında Prezident Zelenski ilə görüşündən sonra müəyyən razılığa gəldilər və Tramp da görüşdən məmnun qaldığını bildirdi. Ona görə də düşünürəm,  ABŞ-nin Ukraynaya dəstəyi davam edəcək  və Tramp Rusiyaya qarşı Baydenin və digərlərinin apardığı işləri davam etdirəcək...

–   Dünyadakı savaşları durdurmaq üçün ABŞ-nin, ilk növbədə, Çin, Rusiya, Türkiyə və İranla münasibətlərində dönüş edilməlidir. Necə hesab edirsiz, yeni ABŞ prezidenti bu ölkələrlə münasibətləri tənzimləyə biləcəkmi?

–   Hesab edirəm, Trampın dönəmində də dünyada gözləmədiyimiz hadisələrlə üz-üzə qalacağıq, yeni savaşların baş verməsi mümkündür. Bununla belə, təxmin edirəm ki, 2025-ci il yanvarın 25-dən işə başlayacaq Donald Tramp öz komandasıyla birlikdə ABŞ siyasətində, eləcə də Çin, Rusiya, Türkiyə və İranla bağlı siyasətində müəyyən korrektələr etməli olacaq...

–   Rusiyanın Ukraynaya hücumundan sonra Vladimir Putin dünyanı nüvə savaşı ilə şantaj edir. Görəsən, Tramp, doğrudan da, gözlənildiyi kimi, bu savaşı Ukraynanı öz ərazilərini güzəştə getməyə məcbur etməklə durdurmağa çalışacaq? Ukrayna xalqı, Zelenski bununla barışacaqmı?

–   Baydendən fərqli olaraq Tramp Rusiyaya qarşı daha sərt və kəskin siyasət aparacaq və Putini bu nüvə şantajını dayandırmağa məcbur edəcək. Düzdür, bəziləri deyir, eləcə də Trampın da dilindən səslənir ki, guya Ukrayna Rusiyaya qarşı öz əraziləri ilə bağlı güzəştə getməlidir. Mən isə belə düşünmürəm. Ukrayna Prezident Ofisinin rəhbəri Yermak son açıqlamasında Ukrayna xalqının, dövlətinin və ordusunun sona qədər dirəniş göstərəcəyini vurğuladı. Hesab edirəm, bu, doğru-düzgün mövqedir və Ukrayna doğrudan sonadək işğalçı Rusiyaya qarşı mübarizə aparacaq və ərazi bütövlüyünü bərpa edəcək... İndi, əlbəttə, məsələyə ayrı-ayrı yanaşmalar var. Düşünürəm, Amerika siyasətində müəyyən dəyişikliklər olsa da, Prezident Zelenski də, Ukrayna xalqı da öz qəti mövqeyində qalacaqlar. ABŞ də Ukraynaya yardımını davam etdirəcək. Buna digər dövlətlər də, elə “Lend-liz” proqramı çərçivəsində Kanada, Fransa, Almaniya, Danimarka, Finlandiya və s. də öz dəstəyini verəcək və hərbi yardımlar da davam edəcək...

–   Qəzza savaşının açarı, demək olar, İsraillə İranın əlindədir və bu məsələdə Amerikanın hər iki dövlətə yanaşması mühüm rol oynayır. Trampın isə Baydendən daha çox İsrailə dəstək verəcəyi gözlənilir. Həmçinin bildiyiniz kimi, o, hakimiyyəti dövründə İranla nüvə proqramı ilə bağlı sazişi pozdu. “SEPAH”ın hətta Trampın başına pul qoyduğu iddia edilir. Belə olan halda Ağ ev Qəzzada savaşı necə durduracaq?

–   Zənnimcə, Qəzzadakı savaşın durdurulmasında gələn ildən təyin ediləcək ABŞ-nin yeni dövlət katibi də öz rolunu göstərəcək. Bu məsələnin həlli üçün onun üzərinə yeni vəzifələr düşəcək. Yeni dövlət katibi bununla bağlı İran və İsrail dövlətləri ilə də birbaşa, ya dolayısıyla yeni yönlü təmaslar quracaq. Şübhə yoxdur ki, ABŞ Tramp dövründə İsrailə dəstəyini davam etdirəcək və yəqin ki, həmin dəstəyi daha da gücləndirəcək. Trampın İrana münasibəti də hamıya yaxşı bəllidir. Bəlkə də o, İrana qarşı Baydendən də sərt mövqe nümayiş etdirəcək. Ona görə də ola bilsin, İranda da yeni prezident Pezeşkian dönəmi olmasına rəğmən iki dövlət arasında münasibətlər bəzi məsələlərdə kritik həddə çata bilər. Yəqin ki, ABŞ-nin 47-ci prezidenti “SEPAH”la bağlı da müəyyən addımlar atacaq. Məhz Trampın keçmiş hakimiyyəti dönəmində general Qasim Süleymani aradan götürülmüşdü. Bu mənada mümkündür ki, 2025-ci ildə “SEPAH”ın hazırkı aparıcı fiqurları da Pentaqonun hədəfində olsun. Biz xatırlayırıq ki, Trampın özünün fiziki cəhətdən məhv edilməsi üçün “SEPAH” bəzi bəyanatlar vermişdi. Bir sözlə, 2025-ci ildə ABŞ-İran münasibətləri gərgin formada davam edəcək və Ağ Ev öz müttəfiqləri ilə bərabər İrana qarşı siyasi, hərbi, iqtisadi təzyiqləri daha da artıracaq...

– Güney Qafqazda hazırda savaşlar olmasa da, Azərbaycanın öz torpaqlarını məhz Trampın hakimiyyəti dövründə azad etməyə başlaması və nəhayət, Baydenin dövründə ərazi bütövlüyünü bərpa etməsi ilə müharibə dayansa da, sülh müqaviləsi bağlanmadığı təqdirdə kiçikmiqyaslı olsa da, silahlı qarşıdurma ehtimalı var. Belə bir durumda ABŞ Trampın söz verdiyi kimi, Azərbaycanla Ermənistan arasında tezliklə sülh sazişinin imzalanmasına nail ola biləcəkmi?

– Düşünürəm, Tramp dönəmində ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılacaq. Yəqin ki, Bayden dönəmində gördüyümüz mənzərədən bir qədər fərqli mənzərə olacaq.  Çox güman ki, Tramp yalnız Azərbaycanla bağlı deyil, bütövlükdə Güney Qafqazla bağlı daha aktiv siyasət həyata keçirəcək. Trampın özünəməxsus eqosu var və o istəyəcək ki, onun prezident olduğu dövrdə Azərbaycanla Ermənistan arasında bir tarixi sənəd imzalansın. O həm impulsiv siyasətçi, həm də bəzi məsələlərə heç nədən çəkinmədən, qətiyyətlə birbaşa və ya diplomatik kanallarla müdaxilə etməyi bacaran siyasətçidir....

 

Seçilən
32
hafta.az

1Mənbələr