AZ

Qvardiolanın Braziliya yığmasına mümkün təyinatına ilk reaksiya

Braziliyada “Mançester Siti”nin ispan baş məşqçisi Xosep Qvardiolanın “selesao”ya mümkün təyinatı haqda məlumat cavablanıb.

Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, müvafiq məlumatı Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodriqes şəxsən cavablayıb:

“Qvardiola dünyanın ən böyük məşqçilərindən biridir, amma biz ona müraciət etməmişik. Bizim milli komandamızın məşqçisi Dorival Juniordur”, deyə Rodriqes vurğulayıb.

Xatırladaq ki, daha əvvəl “The Athletic” dərgisi, Braziliya Futbol Konfederasiyasının Xosep Qvardiolanın xidmətində son dərəcə maraqlı olduğunu bildirmişdi. İspan mütəxəssisin özünün də bu təklifə açıq olduğu, amma hər hansı milli yığma komandanı məhz 2026-cı ildən sonra çalışdırmaq niyyətində olduğu bildirilmişdi.

Əlavə edək ki, Braziliya millisini tarixi ərzində ancaq braziliyalı mütəxəssislər çalışdırıblar. “Selesao”nun sükanı arxasına təyin etməyə layiqli namizəd tapılmayanda isə milli komandanı bir neçə braziliyalı mütəxəssisdən ibarət şura müvəqqəti nəzarətə götürüb.

Xatırladaq ki, Xosep Qvardiola 2016-cı ilin iyul ayından “Mançester Siti”ni çalışdırır. “Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 489 oyun keçiriblər, 360 qələbə qazanıblar, 60 heç-heçə ediblər, 69 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1238:444 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, “Pep” “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.

10 turdan sonra Qvardiolanın “Mançester Siti”si 23 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb.

Seçilən
18
arena.az

1Mənbələr