Fransız qapıçı Huqo Lyoris “Tottenhem”də çıxış etdiyi dövrdə “mahmızlar”ın heyətində yaşadığı acı məqamı xatırlayıb.
Arena.az “The Guardian” nəşrinə istinadən, Lyorisin müəllifi olduğu kitabdan müvafiq xatirəni təqdim edir.
“Mahmızlar”ın keçmiş qapıçısı öz kitabında, London klubunun “Liverpul”a 0:2 hesabı ilə uduzduğu Çempionlar Liqasının 2018/2019-cu illər mövsümünün finalına dörd gün qalmış, “Tottenhem”in prezidenti Deniel Levinin oyunçulara təqdiim etdiyi hədiyyədən söhbət açıb:
“Levi hər bir oyunçuya dəbdəbəli bir saat hədiyyə etdi, onun arxasına “Çempionlar Liqasının Finalçısı 2019” yazısı həkk edilmişdi. Kim belə bir məqamda belə bir şey edər? Bunu hələ də anlaya bilməyən tək mən deyiləm. Əgər biz qalib olsaydıq, o, saatın geri qaytarılmasını xahiş edərdi ki, əvvəlki yazının yerinə “Qalib” ifadəsi həkk edilsin.
Bununla belə, bu, Deniel tərəfindən həqiqətən gözəl bir davranış idi, amma bu, açıq-aydın azacıq qəribə idi. Sizə həqiqətən yaxşı bir hədiyyə verirlər, amma eyni zamanda bu, sənin (“Tottenhem”in – redaktorun qeydi) müvafiq səviyyədə olmağa öyrəşmədiyini göstərir”, – Lyoris yazıb.
Yeri gəlmişkən, Huqo Lyoris hələ də “Tottenhem”in oyunlarını izləməyə davam etdiyini bildirib. Fransız qapıçı rəhbərlikləri altında çıxış etdiyi mütəxəssislər barədə də danışıb:
“Düşünürəm ki, Angelos Postekoqlu kluba indiki məqamda gərək olanı – təravət və yeni iddiaları gətirdi. Yəqin buna görə Joze Mourinyo və ya Antonio Kontenin rəhbərliyi altında oynayanda mən ağırlıq hiss edirdim. Bu, fərqli futbol üslubu idi”, deyə Lyoris bildirib.
Xatırladaq ki, Huqo Lyoris 2012-2024-cü illərdə “mahmızlar”ın şərəfini qoruyub. Fransız qapıçı hazırda MLS təmsilçisi “Los-Anceles”in uğurları üçün çalışır.