İspaniyanın “Real” klubunun məşqçilər qərargahı və futbolçuları “qaymaqlılar”ın son uğursuzluqları ilə bağlı fövqəladə iclas keçiriblər.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, bu iclas gərgin keçib. Komandanın oyunçularına statistik məlumatlar təqdim edilib ki, bu da onların heç də hamısının meydanda tam gücü ilə oynamadığını sübut edib. Bəzi futbolçular rəqəmlərin təsvir etdiyi mənzərədən sarsılıblar.
Amma vurğulanır ki, heç də hamı işə yanaşmasını dəyişməli olğunu qəbul etməyib. İclas zamanı “qaymaqlılar”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelottinin özünü həmişəkindən daha aqressiv apardığı vurğulanır.
Bununla belə, iclasın nəticələri müsbət səciyyələndirilir. Xüsusilə, “Real”ın bir çox oyunçusu fiziki hazırlığını artırmaq ehtiyacını dərk edib.
Amma “Real” düşərgəsinin fövqəladə iclası haqda məlumatdan sonra yayılmış digər məlumat gündəmi zəbt edib.
Belə ki, “El Gol Digital” dərgisinin məlumatına görə, “Real”ın Madriddə, doğma “Santyaqo Bernabeu” stadionunda keçirdiyi son iki oyunda ardıcıl olaraq “Barselona” (0:4) və “Milan”a məğubiyyəti mənzərəsində, baş məşqçi Karlo Ançelottinin “qaymaqlılar”ın paltardəyişmə otağına nəzarəti itirdiyi bildirilir.
Mənbənin məlumatına görə, bu uğursuzluqlar mənzərəsində “Real”ın bir sıra ulduz futbolçuları baş məşqçinin istefası ilə bağlı çıxış ediblər. Bu “haramzadalar” arasında uruqvaylı yarımmüdafiəçi Federiko Valverde, fransalı “qolçomaqlar” dəstəsi – başda Kilian Mbappe olmaqla Ferlan Mendi, Orelyen Tçuameni və Eduardo Kamavinqanın adları hallanır. İtalyan mütəxəssisə dəstək isə Karlo Ançelotti ilə çox yaxın münasibətdə olan braziliyalı ulduz hücumçu Vinisius Juniordan gəlib.
Əlavə edək ki, Ançelotti “Real”dan istefa verərsə, “Vini” italyan mütəxəssisin Braziliya millisinin başına keçməsini istəyir.
Xatırladaq ki, daha əvvəl Madrid klubunun prezidenti Florentino Peresin Karlo Ançelottini əvəzləmək üçün “Bayer”in baş məşqçisi, ispan mütəxəssis Xabi Alonso ilə danışıqlar apardığı haqda xəbərlər yayılmışdı. Bununla belə, italyan mütəxəssisin ən azı cari mövsümün sonuna qədər “Real”ı çalışdıracağına dair əsaslı məlumat var. Bununla belə, daha bir biabırçı məğlubiyyətin Karlo Ançelottiyə qapının göstərilməsi ilə nəticələnəcəyi istisna edilmir.
“Real”dakı hər günümdən həzz alıram”
Bu mənzərədə Ançelotti hər cür uğrusuzluğa rəğmən, komandanı çalışdırmağa şad olduğunu bildirib:
“Mən ən çətin anlarımda belə, “Real”dakı hər günümdən həzz alıram. Mən görürəm ki, insanları ən yaxşı tərəflərini göstərmək istəyi birləşdirir. Şəxsən mən çox düşünmüşəm və həll yolları axtardığım uzun gecələr yaşamışam. Belə gecələr çox uzun idi. İndi biz qalib gəlmək istəyi və intizarı ilə doluyuq. Gəlin görək, planlaşdırdığımızı həyata keçirə biləcəyik, ya yox”, – AS dərgisi Ançelottidən sitat gətirir.
Hazırda “Real” çıxış etdiyi bütün yarışlarda – İspaniya La Liqası, İspaniya Kral Kuboku, İspaniya Super Kuboku və Çempionlar Liqasında mübarizəsini davam etdirir.
Vurğulanır ki, klub rəhbərliyi və məşqçilər qərargahı mövsümün uzun olduğunu, amma uğursuzluqlardan dönüş döqtəsinin məhz bu vaxta təsadüf etdiyinə qətiyyətlə əmindir.