Hər bir ölkənin qəbul edilmiş protokol qaydaları mövcuddur və bu qaydalar dövlətlərarası təmaslarda xüsusi diqqətlə tətbiq edilir. Çoxsaylı ölkələrdə görkəmli şəxslərin abidələrinin, tarixi əhəmiyyət daşıyan və xalqın mübarizəsini, qələbəsini simvolizə edən məkanların diplomatik səfərlər çərçivəsində ziyarəti ənənəvi diplomatik qayda hesab edilir. Səfər edən tərəflər bu ziyarətlərə xüsusi hörmətlə yanaşır. Məsələn, Türkiyədə Anıtkabir, Moskvada Əbədi Alov, Minskdə Qələbə Abidəsi bu kimi vacib məkanlardan biridir.
Bu sözləri "Sherg.az" a açıqlamasında siyasi şərhçi Aqil Məmmədov deyib.
A. Məmmədov deyib ki, Azərbaycan Respublikasının qəbul etdiyi diplomatik protokola əsasən, ölkəyə səfər edən rəsmi heyətlər Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinə ehtiramlarını Şəhidlər Xiyabanında əklil qoymaqla ifadə edirlər:
"Lakin Şəhidlər Xiyabanında yerləşən abidə, əldə olunan son zəfərin ruhunu tam şəkildə əks etdirmir.
Ötən gün açılışı olan Zəfər Tağı təkcə 44 günlük Vətən müharibəsini deyil, bütövlükdə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəni, ərazi bütövlüyünü qorumaq uğrunda keçdiyi şərəfli yolu simvolizə edir. Bu monumental əsər, Azərbaycan xalqının həm keçmişini, həm də gələcəyini özündə birləşdirərək böyük bir rəmzi mənanı daşıyır. Zəfər Tağında fəaliyyət göstərəcək zəfər muzeyi də xalqımızın döyüş ruhunu, qəhrəmanlığını və yenilməz iradəsini gələcək nəsillərə ötürən bir məkan olacaq.
Bu səbəbdən, Zəfər Tağının diplomatik protokol qaydası olaraq ziyarət edilməsini təklif edirəm.Belə bir qərarın qəbulu, həm 20 Yanvar faciəsinin, həm birinci və ikinci Qarabağ müharibəsindəki şəhidlərimizin, həm də Azərbaycanın zəfər yolunun ruhuna göstərilən hörmətin ifadəsi olar. ZəfərTağı qarşısına qoyulacaq hər əklil, bu böyük yolun hər addımına olan ehtiramı simvolizə edəcəkdir.
İnanıram ki, dövlət protokolunda bu dəyişiklik ən qısa zamanda baş tutar və Azərbaycanın bu şərəfli abidəsi yüksək səviyyədə ehtiram göstərilən rəmzlərdən birinə çevrilər. Bu dəyişiklik Azərbaycan xalqının mübarizəsini və qələbəsini daim yaşadan bir irsə çevriləcəkdir".