ABŞ mətbuatının məlumatına görə, Donald Trampın prezidentliyi dövründə dövlət katibi vəzifəsinə ən güclü namizəd Marko Rubiodur.
Kuba əsilli Rubio respublikaçıların məşhur simalarından biridir və 2011-ci ildən bəri ABŞ Senatında Florida ştatını təmsil edir.
2016-ci ildə prezidentliyə namizədliyə iddialı olsa da, partiyadaxili seçkidə Trampa uduzmuşdu.
O vaxt bu iki siyasətçi arasında sərt polemikalar yaşansa da, sonradan Rubio Trampla yaxınlaşmağa başlayıb.
Marko Rubio Rusiyaya münasibətdə respublikaçıların ənənəvi qanadının sərt mövqeyini bölüşür.
O, hər zaman Rusiyaya qarşı sərt sanksiyaların tətbiqinə çağırıb və bu barədə qanun təşəbbüslərilə çıxış edib.
Rubio Rusiya prezidenti Putini dəfələrlə "quldur” və "başkəsən" adlandırıb.
Son illər demokratlarla eyni sırada görünüb Trampın qəzəbini üzərinə çəkməmək üçün Ukrayna məsələsində xüsusi aktivlik nümayiş etdirməsə də, Rubionun baxışları ümumən məlumdur.
O, Ukrayna xalqının mübarizəsini yüksək qiymətləndirir, lakin müharibənin tezliklə dayandırılmasına tərəfdardır.
Əgər Marko Rubio dövlət katibi olarsa, bu təyinat Bakıda da xoş qarşılanmayacaq.
Rubio son illər erməni lobbi qruplarının Konqresdə irəli sürdüyü təkliflərə dəstək verib, Azərbaycanın Qarabağda apardığı hərbi əməliyyatlara qarşı çıxıb.
Respublikaçı senator zaman-zaman Azərbaycanda hüquq və azadlıqlar sahəsində yaranmış vəziyyətə də münasibətini bildirir və xüsusən siyasi məhbuslarla bağlı problemi diqqətdə saxlayır.
O, iqtisadçı Qubad İbadoğlunun həbsinə etirazını bildirən senatorlardan biridir, özü də iki dəfə.
M.Rubio mart ayında "X” sosial platformasında bu barədə belə yazmışdı: "Azərbaycanın müxalifət liderlərindən birinin, dr. Qubad İbadoğlunun uzun təqibdən sonra həbs edilməsindən 250 gün keçir. Onun yeganə cinayəti firavan və demokratik bir millət ugrunda apardıgı işlər olub”.
Avqust ayında isə senator bunları qeyd edib: "Azərbaycanlı müxalifət lideri və iqtisadçı Qubad İbadoğluna qarşı əsassız cinayət ittihamı irəli sürülüb və o, tibbi yardımdan məhrum edilib. Cənab İbadoğlunun yeganə "günahı” həqiqəti söyləmək olub. O, dərhal azad edilməlidir".
Bu səbəblərdən Azərbaycanın iqtidar mediasında Rubio əleyhinə xeyli tənqidi yazılar dərc olunub. Əgər o, dövlət katibi təyin edilərsə və Bakı ilə dialoqda bu problemləri qaldırarsa, Bayden-Blinken dövründən fərqli olaraq Azərbaycan hakimiyyətinin buna etinasız yanaşması çətin olacaq.
Dövlət katibliyinə digər namizədlər senator Uilyam (Bill) Hagerti və diplomat Riçard Qrenelldir.
B.Hagerti Yaponiyada səfir olub və Tennessi ştatından senatorluğa namizədliyi erməni lobbisi (Amerika Erməni Milli Komitəsi) tərəfindən dəstəklənib, yəni o da ABŞ ermənilərinə uzaq biri deyil.
Qrenell isə Almaniyada səfir olub və Trampın ilk prezidentliyi dövründə qsa müddət ərzində milli kəşfiyyat direktoru vəzifəsində çalışıb.
Donald Tramp 2025-ci il yanvarın 20-də - andiçmə mərasimindən sonra vəzifəsinin icrasına başlayacaq.
Onun dövlət postlarına irəli sürəcəyi şəxslərin təyinatları qısa müddətdə Senatda təsdiqlənəcək, çünki Senatın yeni tərkibində respublikaçılar çoxluqdadır.