AZ

Deputat: Bayden hakimiyyəti açıq ermənipərəst siyasətiylə diqqət çəkirdi

Postmüharibə dövüründə Ermənistanda revanşist qüvvələr, qondarma rejimin tör-töküntüləri Azərbaycanın suverenliyi və ərazini bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarıyla dövlətimizi yeni müharibəyə sövq etməyə çalışıb.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, rəsmi İrəvan ABŞ və Qərblə çox yaxın münasibətlər qurmağa çalışıb: “Hətta Bayden administrasiyası birmənalı şəkildə ermənipərəst mövqe tutmaqda idi. Çünki ABŞ Cənubi Qafqaz siyasətini məhz Ermənistan üzərindən reallaşdırmağa çalışırdı. Ağ Ev Ermənistana həm hərbi, həm də siyasi dəstək verməklə diqqəti çəkib. Bu səbəbdən də rəsmi İrəvan Ağ Evə güvənərək, regional sülh prosesindən uzaqlaşmağa da cəsarət edirdi. ABŞ-ın kobud müdaxiləsi Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında ən ciddi əngəlləyici faktorlardan sayılırdı. Rəsmi İrəvan isə sülh prosesini mümkün qədər uzatmaqla, ABŞ və Qərbin dəstəyini alaraq, Azərbaycana qarşı revanşist niyyətlər güdürdü. Başqa sözlə, ABŞ, Avropa Birliyi və Fransanın yardımları ilə Cənubi Qafqazda geopolitik şərtləri özünün xeyrinə dəyişə biləcəyinə böyük ümidlər bəsləyirdi. Sırf bu hədəflərinə çatmaq üçün Ermənistan ABŞ başda olmaqla, Qərbdən gələn bütün təlimatları qeyd şərtsiz icra edirdi”.

Müşfiq Cəfərov qeyd edib ki, Donald Tramp hakimiyyəti isə erməni diasporunun nazıyla oynamamaqda qərarlı görsənir: “Hətta 44 günlük İkinci Qarabağ savaşı dövründə ABŞ Prezidenti olan Donald Tramp Cənubi Qafqazda baş verənlərə müdaxilə etməyə qətiyyən ehtiyac duymadı. Əslində ABŞ uzun müddət Azərbaycan və Ermənistan arasındakı müharibəni sadəcə, müşahidə edərək, savaşın sonuna qədər bir neçə "növbətçi bəyanat" verməklə kifayətləndi. Bu da ABŞ-da fəaliyyət göstərən erməni diasporunun ciddi narazılığına səbəb olurdu. Cozef Bayden hakimiyyəti isə tamamilə açıq aşkar ermənipərəst siyasətiylə hər kəsin diqqətini çəkirdi. Qlobal siyasətdə kifayət qədər aqressiya yaradan Bayden administrasiyası tamamilə iflas etdi. Hazırda ABŞ-da hakimiyyətin dəyişməsi ilk növbədə Ermənistan üçün yaxınlaşmaqda olan geopolitik fəlakətin reallığa çevrilmə ehtimalının əsas əlaməti sayıla bilər. Artıq Ermənistan Azərbaycanla yekun sülh sazişinin mümkün qədər sürətlə imzalanmasına nail olmağa daha həvəsli olacaq”.

Seçilən
29
apa.az

1Mənbələr