"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu tarix Azərbaycan bayrağının dövlətçilik və milli kimlik üçün əhəmiyyətini vurğulamaq məqsədi daşıyır".
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov deyib.
Bayrağın dövlətin müstəqilliyinin rəmzi olduğunu xatırladan deputat söyləyib:
"Beş min illik tarixə malik Azərbaycan dövlətçiliyi XIX əsrin əvvəllərində itirildi. Yenidən istiqlala qovuşmaq bir də yüz illik bir mübarizədən sonra nəsibimiz oldu. Azərbaycan 1918-ci il mayın 28-də öz istiqlalına qovuşdu. Azərbaycan Cümhuriyyəti hökumətinin 21 iyun 1918-ci tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsvir edilmiş qırmızı bayraq Cümhuriyyətin Dövlət Bayrağı kimi təsdiq edildi. Azərbaycan Cümhuriyyəti hökumətinin 9 noyabr 1918-ci il tarixli qərarı ilə bu bayraq dəyişdirildi. Mavi, qırmızı və yaşıl zolaqlardan ibarət, qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraq Azərbaycan Cümhuriyyətinin Dövlət Bayrağı qəbul edildi".
V.Qafarov vurğulayıb ki, üçrəngli bayrağımızın ideoloji təməli Azərbaycan milli istiqlal hərəkatının əsas prinsiplərini ifadə edir və bu konsepsiyanın müəllifi böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir:
"O, “Türkləşmək, Müasirləşmək, İslamlaşmaq” ideyasını irəli sürərək, milli kimliyi və müasir dövlətçiliyi birləşdirən bu düsturu ortaya qoyub. 1918-ci il noyabrən 9-da qəbul edilən Azərbaycan Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1920-ci il aprelin 28-də ölkənin Sovet Rusiyası tərəfindən işğal edilərək sovetləşdirilməsinədək Azərbaycan səmasında dalğalandı. Üçrəngli bayrağımız 1920-ci ildə endirilsə də, Azərbaycan xalqının yaddaşında bu bayraq azadlıq və milli kimliyin simvolu olaraq qalmaqda davam etdi.
Azərbaycan Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi və muxtar respublikanın adından “Sovet və Sosialist” sözləri çıxarıldı.
Azərbaycan SSR hökumətinin Naxçıvanda atılan addımları təkrar etməkdən başqa çıxış yolu qalmadı. Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevral ayının 5-də keçirilən sessiyasının qərarı ilə Azərbaycan Cümhuriyyətinin üçrəngli və ay - ulduzlu bayrağı respublikamızın Dövlət bayrağı kimi təsdiq olundu. Həmçinin respublikanın adından "Sovet və Sosialist" sözləri çıxarıldı və dövlətimiz Azərbaycan Respublikası adlandırıldı. Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasında, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasında dalğalandı. Ümummilli Lider Heydər Əliyevin bu tarixi qərarı, müstəqillik uğrunda mübarizənin vacib bir mərhələsi olaraq, Azərbaycan xalqının azadlıq ideyalarını yenidən dirçəltdi və sonradan müstəqilliyin bərpası yolunda böyük stimul yaratdı. 1991-ci ildə Azərbaycan Respublikası tam müstəqillik əldə etdikdən sonra üçrəngli bayraq ölkənin rəsmi dövlət bayrağı kimi qəbul edildi və bu gün də Azərbaycanın milli və dövlət rəmzi olaraq şərəflə dalğalanmaqdadır".
Milli Məclisin deputatı bildirib ki, bayraq Azərbaycan xalqının milli identikliyini, milli həmrəyliyini və vətənə bağlılığını simvolizə edir:
"Bayraq eyni zamanda “azərbaycançılıq” məfkurəsinin simvolu olaraq, Azərbaycanda yaşayan bütün fərdlərin bir dövlət və bir məqsəd ətrafında birləşməsini ifadə edir. Azərbaycan bayrağı sadəcə bir rəmz deyil, eyni zamanda Azərbaycan xalqının varlığını və müstəqillik arzularını əks etdirən müqəddəs simvoldur. Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olan Dövlət Bayrağımız bizim qürur mənbəyimizdir. Bu dəyərin qorunması, gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın borcudur. Azərbaycanın üçrəngli bayrağı, Qarabağın işğaldan azad edilməsi ilə xalqımızın qələbə və milli birlik simvoluna çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərdən sonra Prezidentin işğaldan azad olunmuş ərazilərə etdiyi ilk səfərlər zamanı Azərbaycan Bayrağını bu torpaqlarda ucaltması müstəsna əhəmiyyətə malikdir. Bu addım, torpaqlarımızın azadlığını, Azərbaycan xalqının öz yurduna sahib çıxma əzmini və milli qürurunu bütün dünyaya göstərir".
"Bayrağımızın hazırda bütün ölkə ərazisində dalğalanması milli kimliyimizi və əzəli torpaqlarımıza olan bağlılığımızı, qələbə qürurumuzu simvolizə edir. Qarabağda və digər azad edilmiş ərazilərdə üçrəngli bayrağımızın ucalması həm də Azərbaycan xalqının sabaha olan ümidlərini, birliyini və gücünü göstərir", — deputat V.Qafarov əlavə edib.