Tanınmış şair, jurnalist-tərcüməçi Zülfüqar Rüfətoğlu vəfat edib.
Bu barərə KİV-ə mərhumun qardaşı, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə məlumat verib.
Məlumata görə, Rüfətoğlu Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Korrespondent.az xatırladır ki, Zülfüqar Rüfətoğlu 1958-ci il iyunun 22-də Bakı şəhərində anadan olub. 1965–1975-ci illərdə 172 saylı orta məktəbdə təhsil alıb. 1975-ci ildə həmin məktəbi qızıl medalla bitirib. 1975–1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb, 1980-ci ildə həmin institutu fərqlənmə diplomi ilə bitirib. Hərbi xidmətdən sonra 1985-ci ildə "Azərbaycan qadını" jurnalında jurnalistika fəaliyyətinə başlayıb. 1986-cı ildə "Sovet kəndi", 1987-ci ildən isə "Kommunist" qəzetində fəaliyyətə göstərib. "Kommunist" qəzetinin əlavəsi olan və 1989-cu ildən çıxan "Səhər" qəzetinin yaradıcılarından biri olub. Müxtəlif illərdə "Xalq qəzeti" və "Azərbaycan" qəzetlərində çalışıb. 1990-cı ildə "Kommunist" qəzetinin ən gənc şöbə müdiri olub.
1990-cı ildə atası, məşhur şair-dramaturq Rüfət Əhmədzadənin pyesi əsasında “Şirbalanın məhəbbəti” filminin ssenarisini yazıb. 1985–1994-cü illər arasında bir çox şeirlərinə mahnılar bəstələnib. Emin Sabitoğlu, Eldar Mansurov, Cavanşir Quliyev kimi bəstəkarlarla birgə çalışıb.
1991-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb. 1980–1994-cü illər ərzində isə "Elm və həyat" jurnalında dilçiliklə bağlı məqalələri dərc olunub.
1993-cü ildə "Röyter" agentliyinin kurslarına dəvət olunub və orada təhsil alıb. 1994-cü ilin dekabr ayından isə BBC Azərbaycan xidmətində işləməyə başlayıb.
1996-cı ildə, Qarabağ müharibəsi başlandığı tarixdən sonra Ermənistana, Şuşa və Xankəndinə səfər edən ilk azərbaycanlı jurnalistdir. Bu səfərindən sonra 10 hissədən ibarət "Atəşkəs kölgəsində" radiooçerklər silsiləsi yaranıb.
2000–2001-ci illər ərzində BBC Azərbaycan xidmətinin prodüseri kimi fəaliyyət göstərib. Daha sonra BBC Azərbaycanın əsas müxbirlərindən biri olub. Fəaliyyət göstərdiyi müddətdə orada "Çətin sual", "Sənin səsin" adlı həftəlik proqramlar yaradıb.
2014-cü ildə ağır xəstələnərək komaya düşüb. Bundan sonra müstəqil jurnalist kimi fəaliyyət göstərirdi.
Allah rəhmət eləsin!