“Neftçi”nin iki legioner futbolçusu – yarımmüdafiəçi Edvin Kuç və sol vinger Kilan Lebon ölkələrinin milli komandalarına dəvət alıblar.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Edvin Kuç Monteneqro millisinin İslandiya və Türkiyə yığmalarına qarşı matçları üçün yığmaya çağırılıb. Kuçun komandası hər iki oyunu doğma meydanda keçirəcək. İslandiya ilə görüş noyabrın 16-da, Türkiyə ilə görüş isə ayın 19-da baş tutacaq.
Kuç bu ilin iyul ayından “Neftçi”nin formasını geyinir. 31 yaşlı yarımmüdafiəçi indiyə qədər paytaxt klubunun heyətində 8 oyun keçirib, fərqlənə bilməyib. O, daha öncə “Ballkani”, “Deçiç”, “Rudar”, “Üsti nad Labem”, “Mladost”, “Gilyani” kimi klubların da şərəfini qoruyub. Edvin 2023-cü ilin oktyabr ayında debüt etdiyi Monteneqro yığmasında 79 oyun keçirib, 3 qol vurub.
Kilan Lebon isə Sent Martin yığmasının Kurasao və Qrenadaya qarşı görüşləri üçün seçmə komandaya dəvət alıb. Kurasao ilə oyun noyabrın 16-da evdə, Qrenada ilə görüş isə ayın 19-da səfərdə baş tutacaq.
Xatırladaq ki, Kilan Lebon 2023-cü ilin yanvar ayında Qazaxıstanın “Astana” klubundan azad agent kimi ayrılaraq “Neftçi”yə keçib. 27 yaşlı sol vinger indiyə qədər paytaxt təmsilçisinin heyətində 69 oyuna çıxıb. O, bu oyunlarda 6 qol vurub və 11 məhsuldar ötürmə müəllifi olub.
Lebon karyerası ərzində “Beroe”, “Şambli”, “Utrext”, “Ayaçço”, “Astana”, “Paris” və “Kretey” kimi klubların formasını geyinib. O, 2023-cü ildən Sent-Martin milli komandasında oynamağa başlayıb. Təcrübəli vinger millidə 5 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə verib.