2016-cı ildən Donald Trampın kampaniyaları üzərində işləyən strateq, onun yaxın adamlarından biri hesab edilən Brayan Lanzanın sözləri qalmaqala səbəb olub.
Modern.az xəbər verir ki, o, Krımın artıq itirildiyini və əsas müharibəni bitirməyə fokuslanmağın lazım olduğunu bildirib.
Lanza qeyd edib ki, yeni prezident administrasiyası Ukraynada Rusiya tərəfindən işğal edilmiş bütün ərazilərinin qaytarılmasına deyil, məhz sülhün əldə edilməsinə diqqət yetirəcək.
“Əgər Prezident Zelenski danışıqlar masasına gəlib sülhün yalnız Krımın bizdə olması ilə mümkün olduğunu desə, bu bizə onun ciddi olmadığını göstərəcək. Krım artıq əldən gedib”.
Eyni zamanda, Lanza “şir ürəkli” Ukrayna xalqına dərin hörmət bəslədiyini də vurğulayıb.
“Biz Ukraynaya deyəcəyik: bilirsiniz nə görürsünüz? Siz sülhün realist görüntüsünü görürsünüz. Bu qələbə görüntüsü deyil, bu sülh görüntüsüdür. Gəlin dürüst danışaq”, – Lanza əlavə edib.
Trampın keçid administrasiyasının sözçüsü "Reuters" agentliyinə bildirib ki, respublikaçı siyasi strateq Brayan Lanza Ukrayna ilə bağlı prioritetlərdən danışarkən öz mövqeyini ifadə edib.
“Lanza kampaniyanın podratçısı idi. O, prezident Tramp üçün işləmir və ya onun adından danışmır”, - deyə keçid rəsmisi bildirib.
Ukrayna hakimiyyəti də məsələyə münasibət bildirib. “Bunların hamısı bir istiqamətdə olan sözlərdir. Problem ondadır ki, daha çox müharibə, daha çox ölüm və daha çox ələ keçirilən torpaq istəyən Putindir, Ukrayna deyil. Ukrayna 2022-ci ildən sülh təklif edir – tamamilə real təkliflər var. Və Rusiyaya sülhün lazım olduğunu və sülhün etibarlı olması lazım olduğunu eşitdirmək lazımdır”, - hökumətdən BBC-yə bildirilib.