Londonda vəfat edən BBC-nin keçmiş əməkdaşı, tanınmış jurnalist Zülfüqar Rüfətoğlunun dostları onunla bağlı xatirələrini bölüşürlər:
"Səni şəxsən tanımazdan çox-çox əvvəl səndən öyrənməyə başlamışdım"
Könül Xəlilova,
BBC Azərbaycanın redaktoru
Ən son imeylində mənə yazırdın: "Ha deyirəm, Broadcasting House-a gəlim, səninlə rahat söhbət edim, alınmır. Qocalıq bir şey deyil : )". Nur içində yat, əziz Zülfüqar. Səni BBC Azərbaycanca xidmətinin 30 yaşının tamam olduğu ayda itirdik.
Mən BBC-də işləmək üçün Londona gələndə, tez bir zamanda radio bacarıqlarına yiyələnməyə digər həmkarlarım kimi, sənin də böyük köməyin dəymişdi. Amma səni şəxsən tanımazdan çox-çox əvvəl səndən öyrənməyə başlamışdım - bu gün redaktoru olduğum BBC Azərbaycanca xidmətinin və xüsusilə də sənin daimi dinləyicilərindən idim. Mükəmməl səsin və radio aparıcılığın vardı və bu, sonradan BBC jurnalisti olmağımda BBC məktəbinin yüksək professionallığı ilə birlikdə önəmli bir rol oynayacaqdı.
Ustalıqla hazırladığın radio proqramlarla yanaşı, dinləyicin olduğum zamanlarda, radioda sənin tərcüməndə və ifanda bir şeir dinləmişdim. Onu heç zaman unutmadım. Şeir belə idi:
Xoşbəxtlikdən, bədbəxtlikdən, ya da boş yerə,
bu düz sözdür, heç vaxt dönmə köhnə yerlərə
O yerlərin qalmışsa da, daşı, tavanı,
nə sən, nə mən, tapa bilərik axtarılanı
Sən də qardaş, təzələmə, bu köhnə dərdi,
yoxsa, vallah, geyinərəm, keçə çəkməmi
qayıdaram o illərə, kim saxlar məni
O yerləri gözüm görsə, tanıyacaqdır
çünki orda anam gəncdir, atamsa sağdır...
BBC Azərbaycanca xidmətinin proqramları 90-2000-ci illərin bir çox gənc jurnalistləri üçün məktəb idi. Və sən də o məktəbin müəllimlərindən idin. Azərbaycan dilini böyük mühafizəkarlıqla qorumağa çalışırdın, yad müdaxilələrə dözümsüz idin. Bizə bir radio məktəbi qoyub getdiyin üçün, çox sağ ol!