AZ

“Şanssızlıq yenə bizdən əl çəkmədi”

“Ağır oyun keçdi. Meydana qələbə üçün çıxmışdıq. 3 gündür ki, məşqçimizin dediyi hər şeyi etdik. Lakin qələbə qismət olmadı. İnanıram ki, bundan sonra hər şey daha yaxşı olacaq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Səbail”in futbolçusu Samir Abdullayev deyib.

Abdullayev Elvin Məmmədovun komandaya bir çox yeniliklər gətirdiyini bildirib: “Bu qısa vaxt ərzində Elvin müəllim bizə bir çox şeyləri işlətdi. Fərqli oyun stili var. Hər birimiz onun verdiyi tapşırıqları maksimum yerinə yetirməyə çalışdıq. Amma təəssüf ki, şanssızlıq yenə bizdən əl çəkmədi. Futbol elə bir şeydir ki, nə qədər yaxşı oynasan belə, şansın da önəmi var. Mövsümün əvvəlində 13 tura 2 qələbəmiz olacağını biz də gözləməzdik. İnşallah, gələn oyunlarda qələbələrin sayını artırarıq. Hər oyuna xüsusi hazırlaşıb, xal qazanmaq istəyirik. Qazandığımız hər bir xal motivasiyamızı daha da artırır və daha üst pillərdə qərarlaşmaq istəyirik. Növbəti tur rəqibimiz “Qarabağ”dır. Bu matçı unudub, fikrimizi ona verəcəyik. Hətta daha da yaxşı hazırlaşıb minimum bir xal qazanmaq istəyirik. Hələ ki, marafon uzundur və bizi çoxlu oyunlar gözləyir. İnşallah, sonda məqsədimizə çatarıq. Fasilə dövründəki məşqlərdə bizə verilən tapşırıqları maksimum yerinə yetirərək, bunu oyunumuzda göstərməyə çalışacağıq”.

Xatırladaq ki, Şahin Diniyevin istefasından sonra ilk oyununu keçirən “Səbail” “Turan Tovuz”la xal böldü.

GÜNAY SÜLEYMANOVA

Seçilən
30
futbolinfo.az

1Mənbələr