Yaxın vaxtlarda ABŞ-dan Ukraynada atəşkəsin tarixi və təhlükəsizlik zəmanətləri ilə bağlı bəyanatlar alına bilər.
Teleqraf.com xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk deyib.
ABŞ-ın yeni Prezidenti Donald Trampın Ukraynada sülh planı ilə bağlı mediada dərc olunan yazıları şərh edən rəsmi hesab edir ki, belə bir plan hazırda hazırlıq mərhələsindədir.
Tuskun fikrincə, yaxın gələcəkdə atəşkəsin tarixi, sərhədlərin necə olacağı və Ukrayna üçün təhlükəsizlik təminatları barədə bəyanat gözləmək olar.
“Bu, şübhəsiz ki, ABŞ-ın Ukrayna işlərinə daha az müdaxiləsini nəzərdə tutan qərar olacaq”, - Polşa lideri vurğulayıb.
Mümkün planın Ukraynanın işğal edilmiş ərazilərindən Rusiyanın xeyrinə imtina etməsini nəzərdə tutduğu güman olunur. Kiyevin NATO üzvlüyündən imtinasının da bura daxil olduğu bildirilir.