Ölkəmizin ev sahibliyi edəcəyi COP29-a sayılı günlər qalıb.
Amma çox təəssüf ki , COP29 öncəsi bir neçə Qərb mediası Azərbaycana qarşı inanılmaz basqı nümayiş etdirir.
Son illər Azərbaycanın qazandığı Zəfər və ölkəmizin dünya arenasında önəmli yerlərdən birini tutması çoxlarını qıcıqladırır.
Müharibə dönəmində olduğu kimi, yenə də ölkəmiz ağır informasiya müharibəsinə cəlb olunur.
Nədənsə Azərbaycan böyük bir daş olub, düşüb bəzilərinin başına...
Nüfuzlu medialarda yazılan məlumatları izlədikdə görürsən ki, iqlimdən yazırlar, neftdən yazırlar, sonunu isə Qarabağa bağlayırlar. Guya ki, Azərbaycan “etnik təmizləmə” edib, insanları didərgin salıb.
Azərbaycanın vaxtı ilə başına gətirilənləri indi Azərbaycanın adına çıxırlar.
Onlardan soruşan yoxdur ki, harda aparılıb etnik təmizləmə ?? Qərbi azərbaycanlılar bu gün də Vətən həsrəti deyir. Etnik təmizləməyə məruz qalanlar onlar deyil?
Azərbaycanın dinc əhali ilə heç vaxt işi olmayıb. Ölkə öz torpaqlarını uzun illər zəbt etmiş seperatçılardan azad edib və bu da ölkə olaraq onun öz vətəndaşları qarşısında olan öhdəliyidir. Azərbaycan da bu öhdəliyin öhdəsindən məharətlə gəlib.
Müharibə dönəmində olduğu kimi, elə bil yenə də bütün düymələrə "vurun" əmri verilib.
Təkcə Amerikadakı erməni təşkilatı "ANCA"-nın "X" hesabında Azərbaycana qarşı yazılan məqalələri oxumaq bu sözləri deməyə imkan verir. Bu hesabda onlarla məqalənin "reshare" olunduğu görünür.
Əslində sifariş və dəstəyin haradan gəldiyi açıq bəllidir.
Hətta sifarişçilər o qədər irəli gedib ki, Azərbaycanla bağlı pozitiv notlarda paylaşım edən medialara qarşı də linçləmə aparmaqdan çəkinmirlər. Elə ən son Azərbaycanda Günəş panelləri haqqında paylaşım edən "Nas Daily" çox ağır şəkildə hücumlara məruz qaldı.
İnformasiya müharibəsi çox böyük arealda davam edir və dayanmır.
COP29 isə bir bəhanədir. Bu, diqqətdən istifadə edib, hər tərəfin öz marağını güdməsidir.
Müharibə vaxtı da gördük ki, bizim böyük düşmən qonşumuz ermənilər yox, məhz Amerikada, Avropada məskunlaşmış ermənilərdir. Onlar daha güclü, geniş əlaqəli olduqları üçün yalanlarla dolu “həqiqətlərini” yaymaqla məşğuldurlar.
Burdan çıxan nəticə isə odur ki, biz qonşumuzdakı ermənilərlə sülhə nail ola bilərik. Amma təşkilatlanmış, Ermənistan vətəndaşı olmayan xaricdəki ermənilər hər fürsətdə bizi vurmağa çalışacaqlar.
Azərbaycanın bu tədbiri uğurla təşkil edəcəyindən əminik. Bununla da biz bizi istəməyənlərə yenidən öz cavabımızı verəcəyik
“Cebheinfo.az”