Ermənistanın Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirməyib döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olduqdan sonra kapitulyasiya aktına imza atmasından dörd il ötür. 2020-ci il 10 noyabr tarixi həm Azərbaycan, həm də Ermənistan xalqlarının, eləcə də, dünya ictimaiyyətinin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanması Azərbaycanı dünyada qalib, Ermənistanı isə məğlub dövlət kimi tanıtdı. Bununla da Ermənistanın 200 ildən çox davam edən işğalçılıq siyasətinə son qoyuldu.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasəti, islahatları müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev, Ali Baş Komandan kimi ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, Silahlı Qüvvələrimizin ən müasir silah-sursatla, hərbi avadanlıqlarla təmin olunmasına xüsusi diqqət yetirməklə qələbə əzmində olan ordu formalaşdırdı. “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbiçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu edəcəyik. Biz güclü, qüdrətli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir” deyən Prezident İlham Əliyevin sözlərini rəşadətli Milli Ordumuz döyüş meydanında hərbi üstünlüyü ilə təsdiqlədi. Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 gün davam edən müharibədə göstərdiyi döyüş taktikası ilə hamını təəccübləndirdi. Müasir dünya döyüş taktikasının modelinə malik olduğunu ortaya qoydu. Xalqımızın ordumuza inam və etibarı özünü doğrultdu. Haqqın və ədalətin bərpa edilməsi naminə başlanan müharibə xalq-iqtidar-ordu üçlüyünün qarşısıalınmaz yenilməz güc olduğunu bütün dünyaya bəyan etdi. Şanlı Zəfəri reallığa çevirən səmərəli diplomatik fəaliyyət bütün soydaşlarımızı qürurlandırdı. Münaqişənin həlli üçün zəmin yaradan beynəlxalq fəaliyyət dövlətimizin başçısının düşünülmüş xarici siyasətinin nəticəsidir. Azərbaycan münaqişə boyu bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və onun həlli üçün hüquqi baza hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması barədə qətnamələr qəbul ediblər. Bununla yanaşı, Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslar idi. Bu faktlar da təsdiqləyirdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır.
Deputat diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının öz ordusu və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə yekdil şəkildə dəstək vediryinin şahidi oldu. Bu möhtəşəm həmrəylikdən güc alan ordumuz isə düşmənə döyüş meydanında ağır dərs verdi.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət və müasir orduquruculuğu sayəsində dünyanın ən güclü ordularından birinə çevirilən Azərbaycan Ordusu 44 gün ərzində şanlı Zəfərə imza atmaqla tarixi ədaləti bərpa etdi. Rəşadətli Ordumuz qarşısında diz çökən düşmən kapitulyasiya aktı imzalamağa məcbur oldu və bir güllə belə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonları düşmən tapdağından azad edildi. Bu üç rayonun itkisiz işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diplomatik müstəvidə əldə etdiyi möhtəşəm uğurun göstəricisidir. 44 günlük Vətən müharibəmiz həmçinin ilk anlardan informasiya cəbhəsində də uğurla aparıldı. İnformasiya müharibəmizə də rəhbərliyi məhz, Prezident cənab İlham Əliyev edirdi. Cənab Prezidentin xarici mətbuata verdiyi 30-dan çox müsahibə, eyni zamanda, xalqa edilən müraciətlər informasiya müharibəsində də ölkəmizin üstünlüyünü təmin etdi.
K.Bayramov əlavə edib ki, 2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri lokal antiterror tədbirləri həyata keçirdi. Bunun nəticəsində qondarma rejim ləğv edildi. Tərksilah edilmiş separatçı rejimin dırnaqarası ünsürləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edildilər. Azərbaycan isə əbədi və əzəli torpaqları olan Xankəndi, Xocalı, Əsgəran, Xocavənd üzərində tam suveren hüququnu bərpa etdi.
15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfərlə Azərbaycan tarixində yeni mərhələ başladı. Bu mərhələ artıq azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə davam edir. İşğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır. Bu gün azadlığına qovuşmuş torpaqlarımızda şəhər və kəndlərimiz yenidən qurulur, yeni yollar çəkilir, Böyük Qayıdış mərhələli şəkildə həyata keçirilir.